Cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 milyon 733,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,3 min nəfər, qeyri-dövlət sektorunda isə 830,6 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən  İqtisadiyyat.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 702,2 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi emal sənayesində, 7,1 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 19,3 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar. 2022-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 7926 nəfər olub. Onlardan 50,6 faizi tikintidə, 12,3 faizi mədənçıxarma sənayesində, 6,4 faizi emal sənayesində, 4,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,2 faizi təhsil, 3,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 18,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

2022-ci ilin ilkin məlumatlarına əsasən bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,6 saat təşkil edib.