Mənzillərin dizaynında sonradan edilən dəyişikliklər bəzi hallarda təhlükəsizliyi də sual altına atır. Mənzillərdə edilən konstruktiv dəyişikliklər zamanı bunun sonrakı fəsadları düşünülmür. Bu dəyişikliklər sonradan ciddi problemlərə, qaz və su sızmalarına, bu kimi digər problemlərə, eləcə də bədbəxt hadisələrə səbəb olur. 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İqtisadiyyat.az-a açıqlamasında deyir ki, bəziləri müxtəlif səbəblərdən, xüsusən də ailə üzvlərinin sayının çox olduğuna görə mənzildaxili otaqların yerini dəyişirlər. 

Onun sözlərinə görə, əksər hallarda mətbəxin yeri eyvana, zala və yaxud mənzilin giriş hissəsinə dəyişdirilir: "Dəyişdirilən otaqlarda havalandırma sistemini təmin edən xətt olmadığına görə kustar üsullara əl atılır. Bu zaman avtomatik olaraq mənzilin içərisindəki qaz, su və kanalizasiya xətlərinin yeri dəyişdirilir. Bu isə nə vaxtsa hər hansısa ciddi fəsada gətirib çıxarır. Vətəndaşlar maksimum dərəcədə mənzil daxilində konstruksiya dəyişikliyinə yol verməkdən çəkinməlidirlər".

Ekspert bildirir ki, əlavə artırmalar, mətbəxin eyvana çıxarılması və s. digər qonşuların evinə su və ya qaz sızması, eləcə də qazdan partlayışlara gətirib çıxara bilir: "Həmçinin köhnə tikili binalarda da bu hallar baş verə bilir. Binalardakı mənzillərin daxilindəki konstruksiya dəyişiklikləri binanın ümumi ağırlığına da öz mənfi təsirini göstərir. Çoxmənzilli binalarda və yaxud da fərdi həyət evlərində çıxarış alan zaman texniki pasport verilir və binanın ümumi layihəsi çəkilir, daha sonra o, aidiyyəti üzrə qurumlar tərəfindən təsdiqlənir".

E.Fərzəliyev söyləyir ki, hətta bəzən hamam otaqlarının da yeri dəyişdirilir. Bu isə dəm qazından boğulma təhlükəsini qaçılmaz edir. Onun sözlərinə görə, konstruktiv dəyişikliklərə müxtəlif səbəblərdən əl atılır: "Bunun bir səbəbi vətəndaşların otaqlarının sayının çox olmasını istəmələri olsa da, digər səbəbi satılan mənzillərin layihələrinin böyük əksəriyyətinin normativlərə uyğun olmamasıdır. Yəni təxminən 65-70 kvadratmetrlik bir otaqlı mənzildə vətəndaş məcburən ikinci otağı düzəltmək üçün hər hansısa bir konstruksiya dəyişikliyinə əl atır. Bu baxımdan, hesab edirəm ki, mənzillərin layihəsi çəkilərkən aztəminatlı insanlar üçün ekonom layihələr, imkanı nisbətən böyük olan şəxslər üçün isə daha geniş layihələr nəzərdə tutulmalıdır. Əgər layihələr üzərində yaxşı işlənilərsə, düşünürəm ki, vətəndaşlar mənzillərində əlavə dəyişikliyə əl atmazlar". 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, tikinti norma və standartlarına uyğun olaraq qaz nəzərdə tutulan otağa təchiz edilməlidir. Yəni bir neçə otaqdan keçərək onun yeri dəyişdirilməməlidir.

Bəzən otaqların yerini dəyişərkən rezin borulardan istifadə edilərək qaz çəkildiyini söyləyən ekspert vurğulayıb ki, buna qətiyyən yol vermək olmaz: "Ümumiyyətlə, qaz metal borularla çəkilməlidir. Qaz təsərrüfatı ciddi yanaşma tələb edir. Nəzərə almaq lazımdır ki, qazın kimyəvi xassəsi yanır, partlayır və düzgün istismar olunmadıqda dəm qazı zəhərlənmələrinə səbəb olur. Bundan əlavə, mətbəxin yeri dəyişdirilirsə, həmin otaqda mütləq havalandırma sistemi təşkil edilməlidir. Bəzən mətbəx üçün nəzərdə tutulan otağın kvadratı 5-7 olur və oraya dördgözlü qaz plitəsi qoyulur. Bu zaman qazın yanması üçün kifayət qədər hava axını təmin edilmir. Nəticədə mümkün təhlükə qaçılmaz olur. Ona görə də otağın kvadratı həmin qaz peçinə uyğun olaraq hesablanmalı, otaqda havalandırma, vintilyasiya sistemi quraşdırılmalıdır. İstər hamam, mətbəx, istərsə də yataq otaqlarında qaz avandanlığı varsa, mütləq onun təhlükəsiz istismarı lazımdır. Mətbəxdə qazın yeri lisenziyası olan, yəni ixtisaslaşmış müəssisə tərəfindən təyin edillməli, qaz peçi standartlara cavab verməlidir. Həmçinin evlərdə qaz sızması əleyhinə detektorlar olmalıdır".

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov mənzillərdə mətbəxin yerinin yaşayış otaqları ilə dəyişdirilməsinin qaz təchizatı normalarına zidd olduğunu, belə olan təqdirdə həmin əraziyə ümumiyyətlə qaz xəttinin çəkilməsinin qadağan olduğunu bildirib.

 

Sadiq Cavadov