Ağcaqanadın yaydığı xəstəliklərdən biri də malyariyadır. Öncələr bu xəstəliyə daha çox təsadüf edilirdi. Bu gün isə Azərbaycanda tək-tək də olsa, bu xəstəliyə təsadüf edilir”.

Bu barədə Respublikanın baş infeksionisti Cəlal İsayev sputnik.az saytına açıqlamasında bildirib. O qeyd edib ki, xəstəliyi yayan ağcaqanadlar qırılır, onların inkişafının qarşısının alınması üçün müəyyən işlər görülür: “Eyni zamanda da ağcaqanadların insanları yoluxdurmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Bundan başqa, xəstələrin zamanında aşkarlanıb müalicə alması da müsbət nəticələr doğurub”. Ekspert türkəçarə olaraq evlərdə ağcaqanad öldürən dərmanlardan istifadə etməyi məsləhət görüb.

Bəs malyariya xəstəliyi nədir və insan üçün nə qədər təhlükəlidir? Xəstəliyi yayan ağcaqanadın növü fərqlidirimi?
Ümumiyyətlə Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il 700 milyon insan ağcaqanaddan müxtəlif xəstəliklərə yoluxur. Onlar arasında ən geniş yayılanı isə malyariyadır. Xəstəliyə yoluxanların 90 faizi Afrika qitəsinin payına düşür.

Cəlal İsayev

Xəstəliyə gəldikdə isə, mütəxəssislər bildirir ki, malyariya əslində ölümcül qlobal xəstəliklərdən biridir. Malyariya parazitləri insanın qanına düşdükdə dövr edərək qaraciyərə düşür, onun hüceyrələrinə nüfuz edir, orada böyüyərək çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olur. Bu proses bir həftədən bir neçə aya kimi çəkə bilər. Parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir. Eritrositlərə daxil olan parazitlər öz inkişafını davam etdirir və çoxalır. Eritrositlərin qılafı partladıqdan sonra onlar digər eritrositlərə daxil olmağa imkan əldə edirlər. Bu cür halda parazitlər toksinlər, yəni zəhərlər ifraz edirlər. Qan dövranına düşəndə parazitlər digər orqanlara, o cümlədən beyinə də xətər yetirə bilər, bunun səbəbi ağır infeksiyaya məruz qalmış eritrosit laxtalarının qanın kapillyarlarda hərəkətinə maneçilik törətməsidir. Bu mərhələyə çatdıqda insan artıq halsızlıq və zəiflik hiss etməyə başlayır.

Xəstəlik anofeles ağcaqanadının sancması ilə yayılır. Bütün dünyada il ərzində qeyd olunan malyariya xəstəliyinə yoluxma hallarının sayı 300 + 500 milyona çatır və təxminən 1 milyona qədər uşaq bu xəstəlikdən vəfat edir. Malyariyanın geniş yayıldığı regionlarda, o azyaşlı uşaqlar arasında ölüm hallarının və eləcə də inkişafın ləngiməsinin baş verməsinin başlıca səbəbi ola bilər. Bundan savayı malyariya hamilə qadınlar üçün xüsusi təhlükə kəsb edir. O, anemiyanın ağır formasının ortaya çıxmasının, uşaq salmanın, ölü dölün doğulmasının, təzə doğulmuş körpələrdə çəkinin qeyri kafi olmasının və eləcədə doğum zamanı qadınlar arasında ölüm hallarının baş verməsinin səbəbidir. Malyariyanın profilaktikası və onun ilkin müalicəsi bir çox həyatı xilas edə bilər.

Ölümcül xəstəlikdən özümüzü necə qoruyaq?

Qeyd etdiyimiz kimi malyariya xəstəliyi anofelos ağcaqanadının sancması nəticəsində ötürülür. Ağcaqanad sancmasından ən yaxşı müdafiə üsulu, yatarkən tövsiyə olunan insektisid hopdurulmuş ağcaqanadlardan qoruyan xüsusi tordan (miçətkəndan) istifadə etməkdir. Həmçinin xəstəliyin yayıldığı yerlərdə uşaqlar həmin xəstəliyə yoluxma riskinə məruz qalır. Qızdırmadan əziyyət çəkən uşaq dərhal təcrübəli tibb işçisi tərəfindən müayinə edilməli və tez bir zaman ərzində müvafiq müalicə kursu keçməlidir.

Bu xəstəlik hamilə qadınlar üçün həddən artıq təhlükəlidir. Malyariya xəstəliyinin yayıldığı ərazilərdə qadınlar tibb işçisi tərəfindən tövsiyə olunan malyariyaya qarşı olan həbləri qəbul etməklə xəstəliyin qarşısını ala bilərlər. İctimaiyyətin bütün üzvləri ağcaqanad sancmasından müdafiə olunmalıdırlar, kiçik yaşlı uşaqlar və eləcə də hamilə qadınlar üçün bu cür müdafiə daha böyük əhəmiyyət kəsb edir, və o ağcaqanadların xüsusilə aktiv olduqları günəşin batması və günün çıxması arasındakı zaman müddətində daha səmərəli təmin olunmalıdır. Tövsiyə edilən insektisidlər hopturulmuş ağcaqanadlardan qoruyan torlar, pərdələr və eləcə də həsirlər onların üzərinə qonan ağcaqanadları məhv edir. Daimi olaraq insektisidlə hopturulmuş pərdə, tor və həsirlərdən istifadə etmək tövsiyə olunur. Adətən torların təkrar hopturulması yağışların başlanması ilə, altı aydan bir, eləcə də hər üçüncü yuyulmadan sonra aparılmalıdır.

Ağcaqanadlar durğun suyun mövcud olduğu yerlərdə, o cümlədən gölməçələrdə, nohurlarda, bataqlıqlarda, çalalarda, arxlarda və eləcə də yaş otluqlarda və kolluqlarda çoxalır. Bundan başqa onlar çaylar boyu və eləcə də içərisində su olan qabların, rezervuarların içərisində və həmçinin çəltik tarlalarında çoxala bilər. Ağcaqanadların sayı aşağıdakı üsullarla azaldıla bilər:

1.Su yığılmış ərazilərin qurudulması və ya doldurulması

2.Su çənlərinin və qablarının qapaqlarla örtülməsi

3.Evlərin ətrafındakı ərazilərin kolluqlardan təmizlənməsi(musavat.com)