Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürmə gücünün genişləndirilməsi 2027-ci ilin sonuna qədər baş tutacaq.

İqtisadiyyat.az ın TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, bu barədə konsorsiumun icraçı direktoru Luka Şippati bildirib.

Onun sözlərinə görə, bütün bunlar yeni borular çəkmədən və İtaliya ərazisində yeni işlərə ehtiyac olmadan, ancaq Yunanıstan və Albaniyada yalnız yeni kompressorların quraşdırılması ilə baş tutacaq: “Biz Cənub Qaz Dəhlizinin istehsalçıları və operatorları ilə birlikdə Avropa və İtaliyaya əlavə qaz həcmləri təklif etmək üçün gücün 20 milyard kubmetrə qədər genişləndirilməsi planına sadiqik”.

L. Şippati bildirib ki, TAP artıq İtaliyanı yeni mənbədən təbii qazla təmin edir: “Ölkənin tələbatının 14 %-dən çoxunu ödəyir. Ötən illə müqayisədə bu il TAP ilə İtaliyaya qaz nəqli ümumi həcmdə 60 %-dən çox artıb”.

Xatırladaq ki, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı yekun qərar 2023-cü ildə aparılacaq bazar sınaqlarından asılı olacaq. İlkin məqsəd 2021-ci ildə illik 8 milyard kubmetr həcmində olmuş qaz nəqlini 2022-ci ildən etibarən illik 12 milyard kubmetrə, mümkün olduğu halda isə illik 20 milyard kubmetrədək artırılması idi.