11 Fevral - Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü kimi qeyd olunur. BMT Baş Assambleyası bu günlə bağlı 2015-ci ilin dekabrın 22-də qətnamə qəbul edib və həmin qətnamə ilə fevralın 11-i bütün dünyada əlamətdar gün kimi qeyd edilir. Qətnamə qadınların elmə tam və bərabər çıxışını təmin etmək, həmçinin gender bərabərliyini qorumaq, onların hüquq və imkanlarını genişləndirmək məqsədilə qəbul edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu tarixi günlə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Komitəsinin sədri paylaşım vasitəsilə Azərbaycanın gənc ailələrindən birinin timsalında həm həyatda, həm də elmdə bərabərlik örnəyini təqdim edib.

Onun paylaşımında bəhs etdiyi şəxslər gənc cütlük olan Aygün Azadova və onun həyat yoldaşı Fərid Ədilovdur.

Qeyd edilib ki, A.Azadova hazırda Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Essex Universitetində doktorantura təhsili alır, eyni zamanda orada müəllim olaraq çalışır, bakalavr səviyyəsində təhsil alan tələbələrə biologiya fənnini tədris edir.

Araşdırma mövzusu süd vəzi xərçəngi ilə bağlıdır. Onun bu sahədə ixtisaslaşmasına şəxsi həyat hekayəsi də təsir edib. Çünki ki, Aygünün anası bu xəstəliklə mübarizədə həyatını itirib.

A.Azadova bildirir ki, uzun illər xərçəng xəstəliyinin müalicəsi istiqamətində araşdırmalara baxmayaraq, hələ də effektiv müalicə üsulunun mövcud olmadığını görüb. Tibbin bu xəstəliklə mübarizədə aciz olması onda suallar yaradıb. Məhz bu hadisələr və düşüncələr onu bu sahədə araşdırmalar aparmağa yönəldib.

"Bu sahədə hər hansı xırda bir töhfəmin olması düşüncəsi ilə bu yola çıxmışam və gələcək hədəflərimdən biri Nobel mükafatını Azərbaycana gətirməkdir", - deyə, Aygün Azadova bildirib.

Paylaşımda barəsində söz açılan digər şəxs - Fərid Ədilov isə doktorantura təhsilindən öncə 10 il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri olaraq çalışıb.

B.Muradova qeyd edir ki, F.Ədilov hər zaman öz işinə məsuliyyətlə yanaşmaqla bərabər, əmək kollektivinin də hörmətini qazanıb.

O da hazırda eyni universitetdə Sosiologiya Departamentində doktorantura təhsili alır. Onun tədqiqat mövzusu Azərbaycanın keys araşdırması olaraq, milli qanunvericilik orqanlarında qadınların təmsilçiliyinin həmcinsləri ilə bağlı qərarlara necə təsir etdiyinə yönəlib.

"Hər iki gəncimizin uğurlarına sevinir, ailə həyatında xoşbəxtlik, elmdə isə hədəflərinə çatmalarını arzu edirəm! İnanıram ki, Aygünlə Fərid dövlətimizin onların təhsilinə və inkişafına yatırdığı maddi sərmayə və mənəvi dəstəyin müqabilində əsl peşəkarlar kimi yetişəcək və elmi yenilikləri ilə biz dostlarını və doğmalarını sevndirəcəklər", - Dövlət Komitəsinin sədri əlavə edib.