Dünya iqtisadiyyatı üç nəhəng ölkənin iştirakı ilə soyuq müharibə dövrünü yaşayır. Ötən həftə ABŞ-la Çin arasında gərginlik daha da artdı. Hər iki ölkə bir-birinin məhsullarına yüksək gömrük rüsumu tətbiq edib. Oxford Universitetinin baş iqtisadçısının apardığı hesablamaya görə, bu anlaşılmazlıq səbəbilə dünya iqtisadiyaytına 105 mlrd. ziyan dəyəcək. İrana qarşı olan sanksiyalar isə get-gedə soyuq müharibədən silahlı müharibəyə çevrilir. Belə ki, artıq son günlər ərzində ABŞ-ın təyyarədaşıyan gəmisi və zenit-raket kompleksləri fars körfəzi ətrafına gətirilib. Siyasi şərhçilər bölgədə müharibə ehtimalını istisna etmirlər. Prosesləri şərh edən politoloq, Vəhdət partiyasının sədr müavini Vasif Əfəndiyev ABŞ-ın İran barədə verdiyi qərarın yerinə yetiriləcəyini bildirib.

“Unutmaq olmaz ki, hər iki ölkə ABŞ-ın dəstəyi ilə indiki durumuna gəlib çatıb. Çin sosializm yolunu tutaraq şəxsi mülkiyyətə geniş meydan verməsi prosesinə başladığı andan ABŞ-ın geniş siyasi və iqtisadi dəstəyini aldı. Çin iqtisadiyyatı əsrin 80-90-cı illərində 3-cü ölkələr üçün ucuz və keyfiyyətsiz malların istehsalı üzərində qurulmuşdusa, artıq onlar ABŞ bazarlarına da yol tapıblar. Bəzi ekspertlər ABŞ-ın bundan narahatçılıq keçirdiyi səbəbindən Çinə qarşı kökləndiyini desələr də reallıq və rəqəmlər fərqli şeyi deyir. Çin iqtisadiyyatının ABŞ üçün heç bir real təhlükəsi yoxdur. Çində əhalinin həyat səviyyəsi çox aşağıdır. Yalnız ucuz və çox məhsul istehsal etdiyi üçün müəyyən ajiotaj yarada bilib. İkinci isə Çinin daha da böyüyərək genişlənməsinin qarşısını alan Rusiya faktoru var.

Eyni vəziyyət yalnız bir qədər başqa rakursdan İranla baş verir. İranda islam inqilabı birbaşa qərb dövlətləri tərəfindən layihələndirilərək həyata keçirildi. Zaman keçdikcə İranın iddiaları artsa da ölkə daxilində iqtisadi vəziyyət daha da ağırlaşmaqda davam edir. ABŞ artıq İranla bağlı qərarını verib və bu proses davam edəcək. Mən hələ xatırlamıram ki, ABŞ kiminsə qələmini qırmaq barədə qərar verirsə, o həyata keçməmiş olsun. İran körfəzində iki Səudiyyə tankerinin vurulması barədə yayılan xəbərlər isə öz təsdiqini tapmadı. Bu dezonu yayan tərəf böyük ehtimalla İranın özüdür. Bununla da o, dünya ictimaiyyətinin diqqətini Körfəzə yönəltmək istəyir. ABŞ isə İran ətrafında dairəni daraltmaqda davam edir”.

Dünya iqtisadiyyatında gedən soyuq müharibəni İqtisadiyyat.Az-a şərh edən iqtisadçı ekspert Pərviz Heydərov Çinlə olan münasibətlərin qlobal iqtisadiyyata təsir edəcəyini, İranın isə mövcud durumdan çıxa bilməyəcəyi fikirlərini səsləndirib.

“ABŞ dünya iqtisadiyyatının dörddə bir hissəsidir, ümumdaxili məhsulun 30%-i ABŞ-ın payına düşür. Məlumdur ki, ABŞ Rusiyaya sanksiyalar tətbiq edib və Rusiya iqtisadiyyatı artıq bir neçə ildir ki, çətinliklərlə üz-üzədir. ABŞ-la Çin arasında olan bütün əlaqələr ABŞ-Rusiya arasında olan əlaqələrdən güclüdür və buna görə də ABŞ-la Çin arasında olan ticarət və.s anlaşılmazlıqlar dünya iqtisadiyyatına təsirsiz ötüşə bilməz. ABŞ-ın hazırda Çinə sanksiyalar tətbiq etməsi və bu ölkənin məhsullarına rüsumu artırması Çin iqtisadiyyatına mənfi təsir edəcək və ümumdaxili məhsulu aşağı salacaq. Ancaq yenə də Rusiyadan fərqli olaraq Çinin bu zərbəni dəf etmək vasitələri müəyyən dərəcədə çoxdur. Adicə Çin yuanı rus rublundan fərqli olaraq dünyanın aparıcı valyutalarından biridir. ÇinABŞ-la mövcud ticarət müharibəsində yuanın dəyərini aşağı salmaqla ixracatı stimullaşdıra bilər. Bu da digər ölkələrdə Çin məhsulunun ucuzlaşmasına gətirib çıxaracaq. Hazırda ABŞ və Çin arasındakı münasibətlərin nəticəsi barədə hər hansı dəqiq proqnoz vermək mümkün deyil. Ancaq düşünürəm ki, iki ölkə arasındakı gərginlik dərinləşməyəcək və hər halda bir anlaşma əldə olunacaq”.

“İranın sadəcə böyük neft ehtiyatları var, bazarda neftin qiymətlərinə təsir edə bilir. ABŞ-ın bu ölkənin neft ixracatına qoyduğu sanksiyalar da ilk gündən bazarda neftin qiymətlərinin artmasına səbəb oldu. Fikrimcə, İranın ABŞ-ın sanksiyalarından yaxa qurtarması mümkün deyil. İran bu vəziyyətdən çıxmaq üçün qonşu ölkələr, əsas da Rusiya ilə əlaqə saxlamaq istəyir. Ancaq qeyd etdiyimiz kimi, Rusiya və Çinin özü də sanksiyalardan əziyyət çəkir. Buna görə də İranın digər ölkələrdən kömək istəməsi mənasızdır. İran iqtisadiyyatında hazırda yüksək inflyasiya hökm sürür, istehsal aşağı düşür.Qeyri-neft sektorunda rəqabət aparacaq güclü məhsulu yoxdur ki, dünya və Avropa bazarına çıxarsın. Texnoloji baxımdan çox zəif olan İrana Amerikanın sanksiyaları bu ölkəni daha da geri salacaq. Ümumən ABŞ-ın hər iki ölkə ilə iqtisadi gərginliyinə nəzər salsaq, Çinlə olan münasibətlər dünya iqtisadiyyatına daha çox təsir edəcək. İranla yaşanan durum neftin qiymətini 80 dollara qədər qaldıra bilər. Amma Çinlə anlaşılmazlıq neftin qiymətini ucuzlaşdıracaq, maliyyə və fond birjalarında bir sıra təlatümlərə səbəb olacaq”.

Mehman Nəbiyev