İstanbulun mer seçkilərində yaşanan hallar qardaş ölkə iqtisadiyyatına nələri vəd edir? Ekspertlər bunun ölkənin milli valyutasının dollar qarşısında dəyər itirməsinə şərait yaradacağını düşünürlər. İqtisadçı alim Vüqar Bayramov öz feysbuk profilindəki paylaşımında nəinki ivestorların hətta əhalinin də xarici valyuta alışının çoxalacağını bildirib. Onun sözlərinə görə, seçki tərəfləri arasında münasibətlər gərginləşərsə, türk pulu “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər. Mövzu ilə əlaqədar İqtisadiyyat.Az-a münasibət bildirən iqtisadçı ekspert Məhəmməd Talıblı, baş verənlərin nəticəsi olaraq investorların bu ölkədən çıxmaq təhlükəsinin olduğunu deyib.

“Bu ölkədəki investorlar tərəfindən asanca qəbul olunmayacaq. Baş verənlər Türkiyənin ən dinamik və girişli-çıxışlı şəhəri üçün olduqca mühüm hadisədir. Ərdoğan iqtidarı anlamalıdır ki, bu təkrar seçki tələsi investorları ölkədən uzaqlaşdıran çox mühüm amildir. İnvestorlar təminatlı və legitim hökumətlər istəyirlər. Bu da 475 mlrd. dollarlıq xarici borcu olan ölkə üçün xarici valyuta qazanmağın nə qədər çətin olduğunu söyləməyə imkan verir. Bir tərəfdən ölkənin tədiyyə balansındakı cari açığın artması və onun nəticəsində ölkəyə investorların gəlməsini çətinləşdirir. Digər tərəfən isə avtoritar ölkə başçısı kimi Ərdoğanın xarici güclərə qarşı davamlı savaş açması iqtisadi mühiti xeyli kövrəkləşdirir”.

Məhəmməd Talıblı verdiyi açıqlamada, Türkiyə iqtidarının legitimliyi kökündən laxlatdığını dilə gətirib: “İnvestorlar üçün ən qorxulu mühit kövrək və qeyri-müəyyən mühitdir. Məşhur deyimdə deyildiyi kimi: investorlar hürkək quşlardır, hürkütsən, uçacaq. Sivil iqtidarlar beynəlxalq səviyyədə onların legitim tanıtımı üçün çoxsaylı reytinq göstəriclərinin qayğısına qalırlar. Türkiyə iqtidarı isə legitimliyin sütunlarını sürətlə laxladır. Bu baxımdan hazırki seçki şousunu qardaş Türkiyənin iqtisadi mühiti üçün ciddi təhlükə hesab etmək olar”.

 

Mehman Nəbiyev