"Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənəcək".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Azərbaycanda İcbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin bağlanış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bununla bağlı normativ hüquqi aktlar hazırlanıb və razılaşdırılması üçün müvafiq qurumlara göndərilib.

"Üç ilə yaxındır ölkənin 3 bölgəsində İcbari tibbi sığorta pilot layihə kimi tətbiq olunur. İcbari tibbi sığorta üzrə qiymətləndirilməsi aparılıb və qiymətləndirmələrə görə, Azərbaycan hökümətinin daha keyfiyyətli səhiyyə xidmətləri və ehtiyatlarının daha yüksək məhsuldarlığı ilə bağlı gözləntiləri realdır. Səhiyyə sahəsində cibdən ödənişləri azaltmaqla səhiyyə sahəsinin məhsuldarlığını və səhiyyə xidmətlərinə əlçatanlığı artırmaq mümkündür. İcbari tibbi sığorta üçün hazırlıq mərhələsi uğurlu olub və Azərbaycan səhiyyənin maliyyələşdirilməsi layihəsinin həyata keçirilməsinə hazırdır", - Z.Əliyev əlavə edib.