Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuli şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

İqtisadiyyat.az xəbər verir ki, 35 ailə olmaqla, 153 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuliyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.

Ailələr mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Bununla da Füzuli şəhərində 562 ailə olmaqla, 2122 nəfərin daimi məskunlaşması təmin edilib.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

***

08:29

Ermənistanın işğalından azad edilmiş Füzuli şəhərinə martın 15-də daha 35 ailə (153 nəfər) yola salınıb.

İqtisadiyyat.az xəbər verir ki, köçürülən ailələrdən 22-si (90 nəfər) Bakı şəhərindən, 5-i (20) Sumqayıt şəhərindən, 4-ü (24) Füzuli rayonundan, 2-si (12) Beyləqan rayonundandır. İmişli (3 nəfər) və Abşeron (4 nəfər) rayonlarının hər birindən isə bir ailə köçürülüb.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 28 ailə (114 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınıb.

Beyləqan, İmişli və Füzuli rayonunda məskunlaşmış 7 ailə (39 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Köçürülənlərin nəqliyyat karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Beləliklə, budəfəki köç də daxil olmaqla Füzuli şəhərində 562 ailənin (2120 nəfər) məskunlaşması təmin edilib.