Əksəriyyətimizin aylarla gözlədiyi alça, çiyələk, ərik, gilas kimi meyvələr istər qonşu ölkələr, istərsə də Azərbaycanın bölgələrindən paytaxt bazarlarına idxalı başlayıb. Əməkdaşımız bazara çıxarılan mövsümi meyvələrin qiymətləri və gətirildiyi bölgələri araşdırıb. Nəticə etibarilə, bazarlarda ən çox yer alan meyvələr qonşu Türkiyədən və İrandan gətirilir. Respublikanın özünəməxsus meyvələri ilə tanınan rayonlarının məhsulları da artıq paytaxt bazarlarına istiqamət götürüb.

Beləliklə, mövsümün əvəzolunmazı olan alça hazırda İrandan, Göyçaydan və Naxçıvandan gəlir. Satıcıların dediyinə görə, İran “göycə”si artıq 2-3 həftədir ki, bazara daxil olduğu halda, yerli məhsul son 2-3 gündə satışa çıxarılıb. Qiymətlərə gəlincə, Göyçay “göycə”sinin 1 kiloqramı 10 manatla 20 manat arasında dəyişir. Naxçıvan məhsulu 20 manata, İran “göycə”si isə 20-25 manata təklif olunur.

Adı alça ilə yanaşı çəkilən çiyələk isə paytaxt bazarlarına qonşu ölkələrdən Türkiyə, bölgələrimizdən isə Şəmkir, Şabran və Cəlilabaddan gətirilir. Satıcıların sözlərinə görə, məşhur Şəmkir çiyələyi 10-15 gündür satışa çıxarılıb. Çiyələyin qiymətinə nəzər salsaq, Türkiyə məhsulunun 1 kiloqramı 5-6 manat, Şabran çiyələyi 7 manat, Şəmkir çiyələyi isə 8-10 manata alıcılara təqdim olunur.

Yaz mövsümünün digər sevimli meyvələrindən sayılan ərik hazırda yalnız Türkiyədən gətirilir. Həm paket, həm də çəki ilə satılan əriyin paketi 2-3 manat, 1 kiloqramının dəyəri isə 10 manatdır.

Öz rəngi ilə mövsümi meyvələrə çalar verən gilas hazırki vaxtda paytaxt bazarlarına Türkiyədən, bölgələrdən isə Xaçmazdan gətirilir. Türkiyədən daxil olan gilasın bir paketi 8 manat təşkil edir. Xaçmazın parnikdə yetişdirilən gilası isə 1 kiloqramı 35 manat dəyərində müştərilərə təklif edilir.

Yazın məxsusi meyvələrindən əlavə şaftalı, gavalı, qarpız, yemiş kimi yay fəslinin simvolları da piştaxtalarda yer alıb. Belə ki, Türkiyədən gətirilən şaftalının 1 kiloqramı 8-10 manat, İrandan gətirilən qarpızın kiloqramı 2-2.50 Azn-ə, həmçinin cənub qonşumuzdan ölkəyə idxal olunan yemişin kiloqramı isə 5-6 manata təklif olunur. Bundan əlavə uzaq Cənubi Afrika Respublikasından Azərbaycana gətirilən gavalının 1 kiloqramı 15 manat təşkil edilir.

Mehman Nəbiyev

Fotoqraf: Kamran Uzunalov