Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağındakı hərəkətləri ilə Adolf Hitlerə qısqanclıq gətirəcəyini bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin mayın 13-də Ankaraya səfərindən əvvəl "Kathimerini" qəzetinə müsahibəsində bildirib.

"Netanyahu Qəzzada Hitlerə qısqanclıq yaradacaq bir soyqırım səviyyəsinə çatıb. Söhbət İsrailin təcili yardım maşınlarını hədəf almasından, ərzaq paylama məntəqələrinə hücumundan və yardım karvanlarını bombalamasından, Qəzzada insanların yaşamaq hüququnu pozmasından gedir", - Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, Ankara Qəzza zolağında insanların hüquqlarını müdafiə edir və sülhün tərəfindədir. Onun sözlərinə görə, İsrail təkcə Qəzza zolağında deyil, bütün Fələstin ərazilərində BMT qətnamələrini, beynəlxalq hüququ və insan haqlarını ehtiyatsızcasına pozmağa davam edir.