“Azərbaycanda elektromobilləri ekeoloji cəhətdən təmiz hesab etmək o qədər də düzgün deyil”

Bu sözləri tanınmış avtomobil mühəndisi, ekspert Elçin Abbasov deyib: “Azərbaycanda elektromobili ekoloji cəhətdən təmiz saymaq o qədər də düzgün deyil. Çünki Azərbaycanda istifadə edilən elektromobilin elektrik enerjisinin 90%-i karbohidratların – neftin, qazın, mazutun yanması nəticəsində alınır. Cəmi 10%-i isə Mingəçevirdən gələn və ekoloji cəhətdən sağlam olan elektrik enerjisidir”.

İqtisadiyyat.Az xəbər verir ki, ancaq digər nəqliyyat və yol hərəkət ekspertləri Elçin Abbasovun bu fikirləri ilə razılaşmayıblar. Şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev, mühəndisin bu fikirləri ilə razılaşmadığını bildirib və ona izah gətirib:

“Həqiqətən Azərbaycanda elektrik enerjinin 85-90 faizi İstilik Elektrik Stansiyalarında istehsal edilir. Yəni, elektrik enerjisinin əldə edilməsi üçün təbii qaz yandırılır. Burada mazutun payı olduqca kiçikdir, çünki o uzun illərdir ancaq ehtiyat yanacağı kimi istifadə edilir. Daxili yanma mühərriki ilə təchiz edilmiş avtomobillər isə xüsusən də iri şəhərlər üçün ekoloji problemə çevrilib. Çünki söhbət yerli (lokal) çirklənmədən gedir. Beləliklə, sıx yol hərəkəti olan küçədə hava çirklənməsinin səviyyəsi olduqca yüksəkdir və bu küçə boyu yaşayan yerli sakinlər bu çirkli havanı udur. Elektrik avtomobilləri məhz bu problemi həll edir, yəni şəhərlərin yerli hava çiklənməsini. Digər tərəfdən cənab ekspert bir məqamı da demir, neft ayırma (yəni benzin və dizelin istehsalı) prosesi özü-özlüyündə enerji tələb edir. Çünki bu proses üçün rektifikasiya kolonuna yüksək təzyiqlə buxar vurulur. Bu da təbii ki, buxar istehsal edən qazanxanaların işləməsini tələb edir”.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da mühəndisin fikirlərinə münasibət bildirib. Ərşad Hüseynov elektromobillərin ekoloji cəhətdən təmiz və təhlükəsiz olduğunu vurğulayıb:

“Mən də Elçin müəllimin belə yanlışlığa yol verəcəyinə inanmıram. Özü də diqqət edin, müəllim deyir ki, elektromobillər də tam ekoloji təhlükəsiz deyil, yəni əslində daxili yanma mühərriki ilə müqayisə etmir... Amma şübhəsizdir ki, elektrik mühərrikli avtomobillər hər bir halda ekoloji baxımdan daha təhlükəsiz və səmərəlidir. Hətta onların işlətdiyi elektrik enerjisi tam olaraq mazutdan alınsa da. Çünki neftin emal olunaraq benzinə çevrilmə prosesini göz qabağına alın (buna sərf olunan enerji və s.). Daha sonra ən önəmlisi odur ki, hətta mazutla işləsə də, bir elektrik stansiyasını ekoloji olaraq modernləşdirmək, daha sonra orada ekoloji nəzarəti həyata keçirmək çox asandır, nəinki milyonlarla avtomobilləri tək-tək olaraq. Bunun əksini daxili yanma mühərrikli avtomobillərdən və benzindən milyardlar qazananlar dövriyyəyə buraxıblar. Özü də bu gün yox, ən azı 20 ildir”.

Elçin Abbasov ekspertlərin fikirlərinə öz münasibətini bu cür bildirib:

"Müsahibəmə münasibət bildirdiyiniz üçün hamınıza minnətdarlığımı bildirirəm.
Özüm haqda onu deyə bilərəm ki, daim "yaşıl düşüncə" tərəfdarı olmuşam və bu mövzuda mühazirələr deməklə kifayətlənməyərək praktik olaraq öz həyətimdə külək generatoru və günəş panelləri quraşdırmışam."Elçin Abbasovun İnteraktiv Elm Muzeyi"ndə hidrogenlə çalışan avtomobil və günəş panelləri ilə çalışan mühərrik və təyyarəni nümayiş etdirirəm.
Bu müsahibədə əsas məqsədim hibrid avtomobillərinə gömrük güzəştlərinin edilməsinə və ölkədə alternativ energetikanın vəziyyətinə diqqəti cəlb etmək olub.
Bu məsələyə diqqəti mən bu videomda da cəlb etməyə çalışmışam https://www.facebook.com/abbasovel/videos/2058311120864728/ . 
Mən də Sizinlə razıyam ki, elektromobillər lokal hava cirkliliyi ilə mübarizədə hər bir ölkədə olduğu kimi bizdə də çox iş görə bilər(hibridlərdən daha çox)".

 

Mehman Nəbiyev