Bitki yağları, süd məhsulları və ətə beynəlxalq kotirovkaların artması nəticəsində ötən ay Ümumdünya Ərzaq Qiymətləri İndeksi fevral ayı ilə müqayisədə 1,1% artıb. Bununla da dünyada ərzaq qiymətləri son 7 ayda ilk dəfə bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

FAO-nun Ərzaq Qiymətləri İndeksi mart ayında orta hesabla 118,3 bənd təşkil edib ki, bu da illik müqayisədə 7,7% azdır.

Xüsusilə ətin qiymət indeksi mart ayında 1,7% artıb. Bildirilib ki, dünyada bütün ət növlərinin qiyməti artıb. Hesabat dövründə FAO-nun bitki yağı qiymət indeksi 0,8% artaraq illik maksimuma çatıb.

Süd məhsullarının qiymət indeksi isə 2,9% artıb. Bu da pendir və yağın dünya üzrə qiymətlərinin bahalaşması ilə əlaqədardır.

Eyni zamanda, FAO taxıl qiymətləri indeksi azalmaqda davam edib. Belə ki, bu indeks 2,6% azalıb. Bu da 2022-ci ilin mart ayı ilə müqayisədə 20% aşağıdır.

 

Gözəl Həşimova