Xaçmazda Dövlət Toxum Fondunun emal zavodu tikilib. Rayonun Qaraçay-cek kəndində inşa olunan emal zavodu istifadəyə tam hazırdır.

Saatda 5 ton toxum emal etmək gücünə malik müəssisə iyul ayından toxumçulara xidmət göstərəcək.

Xaçmaz Toxum Emalı Zavodu mövsüm ərzində 4 min tondan çox toxum emalını həyata keçirməklə, regionda istehsal olunan toxum materialının 20 faizdən çoxunu təmizləyib toxumçuların istifadəsinə verəcək.

Aprelin 3-də Quba-Xaçmaz regionunda fəaliyyət göstərən fermerlər Toxum Emalı Zavodu ilə tanış olub, burada toxum təmizləmə prosesini izləyiblər. Sınaq emal prosesindən sonra toxumçularla zavodun əməkdaşlıq imkanları müzakirə edilib.

Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, emal zavodu Quba-Xaçmaz bölgəsində fəaliyyət göstərən toxumçuların istehsal etdikləri toxum materialının keyfiyyətli və vaxtında emal edilərək əkinə hazırlığı məqsədilə inşa olunub. Zavod toxumçuların məhsullarını emal etməklə yanaşı, həm də onların istehsal etdikləri toxumun alıcısı ola bilər. Müəssisənin aldığı toxum ölkənin ehtiyat toxumu kimi saxlanılacaq.

Yeni tikilən zavodun əsas üstünlüyü emalı az itki ilə həyata keçirməsi və yüksək məhsuldarlıq təklif etməsidir. Müəssisə təqdim edilən toxum materialından 90 faizdən çox məhsul götürməyə imkan verir.

Müasir toxumçuluq mərkəzi toxum laboratoriyasından, hərəsindən iki ədəd olmaqla tutumları 1000 və 500 tonluq anbarlardan, qapandan və inzibati binadan ibarətdir.

Zavodun fəaliyyətə başlaması şimal bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumları istehsal ediləcək. Zavodda fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması da həyata keçiriləcək.