Dövlət İmtahan Mərkəzi bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirəcək.

Mərkəzdən verilən məlumata görə, şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 15 yanvar-28 fevral tarixlərində aparılıb. İmtahanlarda ümumilikdə 3 074 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahanlar saat 12:00-da başlanır: “İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 11:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır”.