Ötən gün Sumqayıt şəhərində qaz sızması nəticəsində mənzildə baş verən partlayış dörd nəfərin xəsarət almasına səbəb olub. Qaz sızması nəticəsində fərdi yaşayış evləri və ya mənzillərdə bu cür partlayışların baş verməsi hallarına tez-tez olmasa da rast gəlinir. Bəzi hallarda bu bədbəxt hadisə insan ölümünə də səbəb olur. Eləcə də havaların soyuması səbəbindən evlərin ən müxtəlif üsullarla (qaz sobaları, elektrik qızdırıcıları və s) qızdırılması təhlükə riskini artırır. Belə ki, qaz sızması bir çox hallarda partlayışla nəticələnməsə belə, zəhərlənmələrə və ya ölümə yol açır. Odur ki, dəm qazından ölüm hallarına mütəmadi olaraq rast gəlinir. Bu kimi hadisələr bəzən məlumatsızlıqdan, əksər hallarda isə məsuliyyətsiz davranışlar ucbatından baş verir. Dəm qazı zəhərlənmələri ilə əlaqədar davamlı olaraq mümkün təhlükəsizlik tədbirlərinə əməl olunması ilə bağlı çağırışlara baxmayaraq, buna əksər hallarda riayət edilmir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev İqtisadiyyat.az-a açıqlamasında deyir ki, bütün təyinatlı obyektlərdə qaz təchizatının olması orada mümkün təhlükədən xəbər verir. Onun sözlərinə görə, məhz bu səbəbdən də qaz təchizatı olan bütün yerlərdə dəm qazına qarşı dedekotrlar quraşdırılmalıdır.

Dedektorların funksionallığının mükəmməlliyindən danışan ekspert bildirib ki, onlardan istifadə edildikdə qaz sızması olan kimi avtomatik olaraq klapan bağlanır, qazın təchizatı dayanır və istifadəçi bu barədə məlumatlı olur.

Bu kimi bədbəxt hadisələrdən qorunmağın yollarını açıqlayan müsahibim bildirir ki, qaz təchizatı olan məkanlarda tez-tez qapı və pəncərələri açmaq və havalandırmanı təmin etmək lazımdır: "Eləcə də aidiyyatı qurumlara qaz sızıntısı barədə məlumat verməklə xoşagəlməz hadisələrdən qorunmaq olar. Qaz təchizatı olan yerlərə, xüsusən də evə daxil olduqda dərhal işığı yandırmamaq lazımdır. Qaz sızıntısı olan yerdə telefonun, evin işığı və yaxud da hər hansı bir elektriklə işləyən cihazın cərəyana qoşulması yanğın və partlayışa səbəb ola bilər. Buna görə də qapalı məkana daxil olduqda ilk növbədə qaz iyinin olub-olmadığına əmin olunmalı, daha sonra işıqdan və digər elektrik avadanlıqlarından istifadə edilməlidir".

E.Nurəliyev vurğulayıb ki, qaz balonları, ümumiyyətlə, qapalı məkanlarda saxlanılmamalı, onlardan istifadə xüsusi təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilməlidir: "Evdə qaz balonlarını qızdırıcı vasitələrə və yaxud da elektrik avadanlıqlarına yaxın yerlərdə saxlamaq olmaz. Heç bir texniki qulluq göstərmədən qaz balonunu illərlə istismar etmək olmaz. Eyni zamanda çürümə və deformasiyaya uğramış qaz balonlarından istifadə etməmək lazımdır. Qaz balonlarının saxlanıldığı yerdə qığılcım yaratmayan materiallar olmalı, həmin yerdə havalandırma təmin edilməlidir. Qaz balonlarının dəyişilməsi zamanı da təhlükəsizlik qaydalarına əməl edilməlidir. Bu, tam bağlı halda həyata keçirilməlidir. Yeri gəlmişkən, qaz sızmasını yoxlamaq üçün sabun köpüyündən istifadə edilə bilər".

Sadiq Cavadov