Bakıda buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə sürücülərin cərimə olunması ilə bağlı məlumatlar yayılıb. Məlumatda sürücülərin İnzibati Xətalar Məcəlləsinin 324.2 ci maddəsi ilə 50 manat məbləğində cərimə edildiyi bildirilib. Həmin maddədə deyilir ki, “Avtomobil nəqliyyatı haqqında” Qanun ilə müəyyən olunmuş qaydada hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki min dörd yüz manat məbləğində cərimə edilir. “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Buraxılış kartının alınması üçün əsas sənədlərdən biri də sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən şəhadətnamədir. Bu sənədi almaq üçün sürücülər AYNA-nın Təlim-Tədris Mərkəzinə müraciət edərək təlimlərdə iştirak etməlidirlər.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a deyib ki, bu gün Bakıda taksi sayı həddindən artıq çoxdur və bu rəqəm azaldılmalıdır.

Onun sözlərinə görə, yeni qaydalara əməl etməyən həm taksi sürücülərinin, həm də taksi şirkətlərinin cərimələnməsi nəzərdə tutulur.

Artıq bununla bağlı qanun qüvvəyə minib və tələbləri pozan taksi sürücüləri və şirkətləri cərimə olunacaqlar.

Ekspert deyir ki, mərkəzləşmiş bir sistem olacaq və bu sistemdə həmin taksinin hansı ərazidə olduğu haqqında məlumat əks olunacaq: "Yəni ümumi taksi fəaliyyətinin iqtisadi tərəfdən deyil, əsasən təhlükəsizlik tərəfdən də nəzarətdə olması zəruridir. Burada tələblər həm sürücünün özü, həm də onun taksi fəaliyyətində istismar etdiyi avtomobil üçündür. Bundan əlavə, sürücülər davranış qaydalarını bilməli, sağlamlıqla bağlı problemləri, narkotik və spirtli içki aludəçiliyi olmamalıdır. Həmçinin dəfələrlə sürücü yol hərəkəti qaydalarını pozursa, qaydaları bilmirsə, çalışdığı ərazini, şəhəri tanımırsa, əlbəttə ki, bu insanlara məhdudiyyət qoyulmalıdır. Paralel olaraq taksi fəaliyyətində istismar olunan avtomobillərə də məhdudiyyət var və olmalıdır. Bu əsasən avtomobilin seqmentinə aiddir. Məsələn, həcmi çox kiçik olan avtomobillər taksi fəaliyyətində istifadə oluna bilməz. Köhnə, yararsız, müasir təhlükəsizlik təhlükəsizlik tələblərinə, eləcə də müasir ekoloji tələblərə cavab verməyən avtomobillər taksi fəaliyyətində istismar oluna bilməz. Eyni zamanda yaşı 20-dən çox olan avtomobillər də hesab edirəm ki, taksi fəaliyyətində istismar oluna bilməz".

E.Cəfərov həmçinin taksi qiymətlərində artım olub-olmayacağına da aydınlıq gətirib: "Ötən ilin yayında ölkəmizdə taksi qiyməti 1,5 manatdan 2,5 manata yüksəldilib. Bundan sonra da qiymətlərin artacağını düşünmürəm. Onsuz da Azərbaycanda taksi qiymətləri yüksək deyil, sadəcə əlçatandır və mövsümə, iqlim şəraitinə, bayram günlərinə görə qiymətlər dəyişən tarifdir". 

Sadiq Cavadov