Azərbaycanda bal məhsullarının qiyməti son iki ildə beş manatadək artıb.

Bunu İqtisadiyyat.az-a açıqlamasında "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

O, hazırda qiymətlərdə o qədər də enmə müşahidə olunmadığını söyləyib.

Mütəxəssisin sözlərinə görə, 2022-ci ildə balın 1 kiloqramının qiyməti 25 manat təşkil edirdisə, bu rəqəm ötən il və indi 30 manata çatıb: "Əvvəl qiymətlər 20-25 manat arası dəyişirdisə, artıq bu rəqəm 25-30 manat olub. Ümumilikdə, son 5 ildə, demək olar ki, bütün məhsulların qiyməti dəfələrlə artıb, lakin balın qiymətində sürətli artım yoxdur". 

Təşkilat sədri həmçinin işğaldan azad olunmuş ərazilərdə arıçılığın inkişafı istiqamətində sürətli işlərin həyata keçirildiyini və arıxanaların ərazilərə köçürülməsi prosesinin icra edildiyini xatırladıb.

Azərbaycanın özünü bal ilə təmin edən ölkələr sırasında olduğunu vurğulayan sədr bildirib ki, artıq ixracata yönəlik işlər görməyə ehiyac yaranıb: "Demək olar ki, işğaldan azad olunmuş bütün ərazilərdə bal istehsal olunur. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan balı ixraca yönələ, yəni həm də xarici bazarlara çıxarıla bilər". 

İqtisadçı ekspert Akif Nəsirli isə İqtisadiyyat.az-a açıqlamasında bal istehsalının artıb-azalmasının ilə görə dəyişdiyini deyib.

Ötən il ökədə bu məhsulun qıt olduğunu xatırladan ekspert bildirib ki, son illər Aran zonasından olan arıçılar yüksək məhsuldarlıq əldə edə bilməyiblər: "Amma bunun əvəzində işğaldan azad olunmuş ərazilərdə bal istehsalı genişləndi. Ümumiyyətlə, demək olar ki, hazırda ölkə daxilində bal müəyyən qədər tələbatdan çoxdur. Yəni istehsal əvvəlki illərə nisbətən çoxalıb. Digər tərəfdən insanların real gəlirləri azalır, onlar daha vacib məsələlərə pul xərcləməyi nəzərdə tutur. Bal kimi tələbatı o qədər də vacib olmayan məhsullara xərcləri azaldırlar. Məsələn, elə insan var ki, heç il boyu bal almır. Bu da məsələyə təsir edən amillərdən biridir".

Ekspert hesab edir ki, bal təsərrüfatının inkişaf etdirilməsi üçün onun nələrə faydalı olması ilə bağlı təbliğat-marketinq işləri aparılmalıdır: "Bu təbliğatın aparılması əsasən bal istehsalçılarının boynuna düşür. Hazırda Azərbaycandan xaricə bal ixracı çox aşağı səviyyədədir. Rusiya və digər ölkələrdən idxal isə ixracdan dəfələrlə çoxdur. Bal təsərrüfatının inkişaf etdirilməsi üçün təbliğat-marketinq işlərinin aparılması əsasən bal istehsalçılarının boynuna düşür". 

Sadiq Cavadov