2018-ci ildə “AzerGold” QSC-nin baş ofisində və Çovdar filiz emalı sahəsində 60-dan çox gənc tələbə təcrübə keçib.

İqtisadiyyat.az qurumun mətbuat xidmətinə istinadən bildirir ki, 2019-cu ildə təkcə Çovdar filiz emalı sahəsində 50-dən çox tələbənin təcrübə keçməsi nəzərdə tutulub. Bununla yanaşı, tələbələr tərəfindən dağ-mədən və yan sahələrdə konkret nümunələr üzərində araşdırmaların, təqdimatların, innovativ təkliflərin hazırlanması təşviq edilir, onlar üçün master-klasslar və seminarlar təşkil olunur.

Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki,  “AzerGold” QSC-də əməkdaşların orta yaşı 30 yaş təşkil edir. 105 əməkdaşın yaşının 30-dan az olması gənc kadrlara olan münasibətin təcəssümü kimi qeyd olunur. Bu gənclərin bir hissəsini Daşkəsən rayonunda, Çovdar filiz emalı sahəsində işlə təmin etməklə “AzerGold” QSC regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfəsini verir. 2018-ci ildə “AzerGold” QSC-nin gənc əməkdaşları üçün yüksək ixtisaslı və peşəkar biliklərə malik yerli və xarici şirkətlərin nümayəndələri cəlb olunmaqla 100-ə yaxın təlim keçirilib.

Dövlət başçısının yürütdüyü gənclər siyasətinə uyğun olaraq “AzerGold” QSC bundan sonra gənclərin məşğulluqla təmin edilməsinə, peşəkar artımına və peşə təcrübəsi toplamasına dəstəyini davam etdirəcəyini bildirib.