Böyük Britaniya kralı III Karl Birləşmiş Krallıq birliyinə daxil olan ölkələrin hökumət başçılarının görüşündə iştirak etmək üçün onkoloji xəstəliklə bağlı müalicəsini müvəqqəti dayandıracaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazıb.
Məlumata görə, kralın müalicəsini dayandırmasına krallıq həkimləri icazə verib. Bu, kralın Avstraliya və Samoa səfərlərini həyata keçirə bilməsi üçün zəruri hesab olunur. Oktyabr ayının ikinci yarısında kral Kanberra və Sidneydə olacaq, daha sonra Birlik dövlətlərinin hökumət başçılarının görüşünə qatılacaq.
Bildirilir ki, Karl Böyük Britaniyaya qayıtdıqdan sonra müalicəsi davam etdiriləcək.
Böyük Britaniya monarxının xərçəng xəstəliyinə tutulması fevral ayında Bukingem sarayı tərəfindən açıqlanmışdı. O, dərhal müalicəyə başlayıb və həkimlər ona müalicə müddətində ictimai tədbirlərdə iştirakdan imtina etməyi tövsiyə ediblər.