Gürcüstanın hakim “Gürcü arzusu” partiyası ölkə Prezidenti Salome Zurabişvilinin hökumətlə razılaşdırılmamış xarici səfərlərinə görə ona qarşı impiçment prosedurunu yenidən başladacaq.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə parlamentinin spikeri Şalva Papuaşvili açıqlayıb.
“Bizim konstitusiyamız gürcü xalqının iradəsinin xüsusilə əks olunduğu əsas aktdır, buna görə də onun qəsdən və açıq şəkildə pozulması cavabsız qala bilməz”, - Ş. Papuaşvili bildirib.
Partiya ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qədər sözügedən məsələ ilə bağlı yenidən Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir.
Xatırladaq ki, ötən ilin oktyabrında Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin hökumətin qadağasına zidd olaraq xaricə səfər edərək qanunu pozmasını tanıyıb. Bu qərar impiçment proseduruna başlamağa imkan verib. O, həmin ilin sentyabrında Berlin, Brüssel və Parisə səfər edib və burada yüksəksəviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti buna razılıq verməyib. Bunun ardınca Zurabişviliyə qarşı impiçment proseduru başladılsa da, bu, baş tutmayıb.