Süni intellekt texnologiyaları sahəsində qabaqcıl işləri ilə tanınan "ChatGPT"nin istehsalçısı "OpenAI", son maliyyələşdirmə mərhələsində 6,6 milyard dollar sərmayə alıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu yeni maliyyələşdirmə raundu "OpenAI"nin dəyərini 157 milyard dollara çatdıraraq, şirkəti "Goldman Sachs" investisiya bankı ilə bərabər səviyyəyə qoyur və Amerikanın bir çox ən böyük şirkətlərini üstələyir. Beləliklə, "OpenAI" dünyanın ən dəyərli startaplarından birinə çevrilib.

İnvestorlar, o cümlədən "Microsoft", süni intellekt sahəsinə böyük marağı davam etdirir.

"OpenAI", bu maliyyə sayəsində süni intellekt tədqiqatlarında lider mövqeyini qoruyacağını və gələcək tədqiqat işlərini sürətləndirəcəyini açıqlayıb. "OpenAI"nin illik gəlirinin 3,6 milyard dollara çatacağı gözlənilir.

Şirkət həftəlik 250 milyon aktiv istifadəçisi və bir milyondan çox ödəniş edən biznes müştərisi olduğunu açıqlayıb.

 

Gözəl Həşimova