Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib.

İqtisadiyyat.az-ın xəbərinə görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar öncə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyublar.

Bundan sonra Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa arzulanıb.

Toplantıda çıxış edən Baş prokuror Kamran Əliyev bu ilki müsabiqənin nəticələrinə əsasən uğur qazanmış gənclərin andiçmə mərasiminin çox əlamətdar ildə - müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə təsadüf etməsini xüsusi qeyd edib.

Həmçinin hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin fədakar xidmətləri nəticəsində respublikamızda həyata keçirilmiş genişmiqyaslı proqramların müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlaması, SSRİ-nin süqutundan sonra müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələnməsi barədə məlumat verilib.

Ölkənin belə bir ağır dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu yeni siyasi kursun vətəndaş müharibəsi təhlükəsini aradan qaldırması və separatçılıq meyillərinə son qoymaqla, hərtərəfli dövlət quruculuğu prosesinin gerçəkləşməsinə gətirib çıxarması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ulu öndərin siyasi kursunun və ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizin hərtərəfli və dayanıqlı inkişafı istiqamətində atılan addımlar böyük əzm və qətiyyətlə davam etdirilərək möhtəşəm uğurlara nail olunmasının, tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan, milli ləyaqət hissini bərpa edən böyük Zəfərin regionumuzda yeni geosiyasi reallıqlar yaratmaqla, Ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin qayıdışın reallaşmasının əhəmiyyəti qeyd edilib.