Xəbər verdiyimiz kimi Nazirlər Kabineti “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, siyahıya süfrə zeytunu, eləcə də suxarı və peçenyelər; konservləşdirilmiş təzə pirojnalar və şirniyyatlar, makaron, əriştə, kuskus və oxşar un məmulatları və kakao, şokolad və şəkərli şirniyyat məmulatları daxildir.

Qərardan sonra, Azərbaycanda sözügedən qida məhsullar ucuzlaşa bilərmi?

İqtisadçı ekspert Eyyub Kərimli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, idxal olunan bəzi qida məhsullarının yerli istehsalla əvəzlənməsi həmin məhsulların qiymətinin düşməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, bu, həmin məhsulların tələbatı ödədiyi həcmdə istehsalı artdığı təqdirdə baş verə bilər: "Bunun üçün dövlət də öz növbəsində bu sahədə fəaliyyət göstərən sahibkarları müvafiq güzəştli maliyyə ilə təmin etməlidir. Daxili istehsalın artırılması, sözsüz ki, müsbət bir haldır. Bu, həm ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərməsi ilə yanaşı, həm də ərzaq təhlükəsizliyinin təmin edilməsinə, bahalaşmanın qarşısının alınmasına və yerli sahibkarlığın inkişafına əhəmiyyətli təsir göstərə bilər. Lakin burada bir neçə amili də nəzərə almaq lazımdır. Sözsüz ki, bəzi məsələlərdə biz qiymətlərin bir o qədər də aşağı düşməsini gözləyə bilmərik. Çünki yerli istehsalın bəzi xammalları xaricdən idxal olunur. Məsələn, makaron, peçenye, konservləşdirilmiş pirojna və şirniyyatların istehsalında istifadə olunan un və yaxud şəkər tozunun çox hissəsi ölkəyə xaricdən idxal olunur. Bu, maya dəyərinə öz təsirlərini göstərir". 

E.Kərimli yerli istehsalın böyüməsinin qida sənayesinin inkişafına müsbət təsir göstərəcəyini, eyni zamanda ixrac imkanlarını artıra biləcəyini qeyd edib: "Lakin keyfiyyət məsələlərini də nəzərə almaq lazımdır. Əgər bu standartlar təmin edilsə, gələcəkdə istehsal olunan məhsullar xaricə daha çox ixrac edilə bilər. Bu da bizim xarici ticarət dövriyyəmizə müsbət təsir göstərə bilər. Ümumilikdə, qeyd olunan məhsullarda qiymətlər tələbatı təmin edən keyfiyyət və xammalın qiymətindən asılı olaraq dəyişəcək".

Sadiq Cavadov