İyunun 3-də Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə keçirilən “Avrasiya İqtisadi Birliyinin ərzaq təhlükəsizliyi” adlı plenar sessiyasında qonaq qismində iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən xəbərə görə, plenar sessiyada çıxış edən Əli Əsədov iştirakçıların diqqətini ərzaq təhlükəsizliyinin vacibliyinə çəkib.

Baş nazir bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib.

Qeyd olunub ki, kompleks tədbirlər nəticəsində Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi ötən il 3% artıb. Eyni zamanda, heyvandarlıq məhsullarının istehsalında artım 3,2%, bitkiçilikdə isə 2,7% təşkil edib.

“Müsbət tendensiya bu il də davam edir. İlin ilk 4 ayında kənd təsərrüfatı istehsalı 1,6% artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,5%, bitkiçilik məhsullarının istehsalı isə 2,7% artıb”, – Əli Əsədov əlavə edib.

Vurğulanıb ki, dəstək tədbirləri sayəsində ölkənin bir sıra ərzaq məhsulları, o cümlədən meyvə, tərəvəz, kartof, yumurta, ət və süd məhsulları üzrə özünütəminlik səviyyəsi 80 faizi ötüb. Baş nazir həmçinin ötən ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft/qaz ixracının təxminən 10% artdığını qeyd edib.