Ötən il Azərbaycanda məişət tullantılarından istifadə hesabına 205,3 milyon kVt/saat və ya 2021-ci illə müqayisədə 6,3 % çox elektrik enerjisi istehsal edilib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Bildirilib ki, 2022-ci ildə Azərbaycanda 3 milyon 984,1 min ton və ya əvvəlki illə müqayisədə 5,4 % çox tullantı əmələ gəlib. Onların 66,7 %-ini bərk məişət tullantıları, 33,3 %-ini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Ötən il yaranmış 2 milyon 658,3 min ton bərk məişət tullantılarının 78,3 %-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 21,2 %-i enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 %-i ölkə daxilində satılıb.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, 2022-ci ildə istehsalat tullantılarının 28,5 %-i müəssisələrdə xammal kimi istifadə edilib, 42,7 %-i ölkə daxilində satılıb, 3,8 %-i ixrac olunub, 13,8 %-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 11,2 %-i isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2022-ci ildə 337,1 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 8,5 % olub. Tullantıların 63,1 %-i mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 55 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.