“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC etibarən qiymətləri sabit saxlamaqla GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artırıb.

Bu barədə İqtisadiyyat.az-a Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən bildirilib.

Bu addım ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin qorunması məqsədi daşıyır. Sözügedən yenilik nəticəsində müştərilərimiz üçün daha sürətli internet əlçatan olacaq.

Qeyd edək ki, “Aztelekom” və “Baktelecom” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşlarındandır.

Layihə çərçivəsində ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 35 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.

Azərbaycanda ümumilikdə 2,29 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu da ölkədə olan təsərrüfatların 78%-ni təşkil edir. Bakı şəhərində isə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 90,2%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.

Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.