Dünyada səhiyyəsi təkmilləşmiş bütün ölkələrdə, icbari tibbi sığorta sistemi tam tətbiq olunur. Azərbaycanda isə əfsuslar olsun ki, bu sistem hələ də tam tətbiq olunmayıb. Əhalinin əsas hissəsi özəl klinikaların qoyduğu müayinə və müalicəyə inanaraq ora üz tutur. Ancaq özəl klinikalarda ödəniş haqqının çox olmasına görə, aztəminatlı təbəqə vaxtlı-vaxtında sağlığına fikir verə bilmir. Bu sistemin tam tətbiqi, əhəmiyyəti, qaydaları haqqında sığorta eksperti İlkin İbrahimov İqtisadiyyat.az saytına münasibət bildirib.

ilkin.jpg

“İcbari tibbi sığorta haqqında qaydalar 90-cı illərdən təkmilləşdirilir və 2016-cı ildə artıq bu yekunlaşdırılıb. Son 3 ildə isə pilot layihələr həyata keçirilir. Əsasən də Mingəçevir və Yevlaxda reallaşan layihələrdə hələki bir problem qeydə alınmayıb. Layihələr 2020-ci il yanvarın 1-ə artıq tam yekunlaşmalı və tətbiq olunmağa başlanılmalıdır. Bu zaman dövlət xəstəxanaları özəlləşdirilərək publik şəxsə çevrilməli və pullu xidmət xidmət göstərməlidir. Pullu xidmət də bonus kimi həkimlərə ödəniləcək. Tibbi sığorta haqqında baza zərfi yəni, müəyyən məbləğ nəzərdə tutulub. Bu məbləğ daxilində müalicə və dərmanlar daxil 1800 xidmət var. Tibbi sığortanın sırf aztəminatlı ailələrə xidmət etməsi planına görə, dövlət aztəminatlı ailələrin, sosial yardım alanların, pensiyaçıların sığorta xərclərini öz üzrəinə götürəcək. Bununla da əhalinin səhiyyəyə inamı artacaq. Gecikən və ya icra olunmayan xidmətlərrə bağlı İcbari Tibbi Sığorta Agentliyinə, həll olunmadığı təqdirdə məhkəməyə müraciət edilməlidir”.

“Tibbi sığortanın tətbiqi ilə vətəndaş istənilən vaxt sağlığı ilə bağlı müraciət edə biləcək, müayinə və müalicələrin də dəqiqliyi sığorta təşkilatı tərəfindən yoxlanılacaq”

İqtisadçı ekspert Azər Mehdiyev isə ölkəmizin MDB ölkələri ilə müqayisədə çox geri qaldığını deyir.

azer.jpg

“Azərbaycanda tibbin büdcədən maliyyələşməsi sovetdən qalma sistemdir. Ayrılan vəsaitlər də son təyinatı üzrə ünvana çatmır. Tibbi sığortanın tətbiqinin ayrılan vəsaitlə əhalinin müayinə və müalicə olunmasında böyük əhəmiyyəti olacaq. Əhalinin yoxsul hissəsi üçün müsbət addım olsa da, səhiyyənin bütün problemlərinin həlli demək deyil. Tibbi sığortanın tətbiqi ilə vətəndaş istənilən vaxt sağlığı ilə bağlı müraciət edə biləcək, müayinə və müalicələrin də dəqiqliyi sığorta təşkilatı tərəfindən yoxlanılacaq. Sığorta şirkətlərinin həkimlə pasientin arasına girməyi ilə həkim “özbaşınalığı” da aradan qalxır. Təəssüflər olsun ki, mövcud problemlərdən biri də dövlətin pulsuz təyin etdiyi dərmanlar vətəndaşlara korrupsiya halları nəticəsində gəlib çata bilmir. İcbari tibbi sığortanın tətbiqi bu problemin də aradan qalxmasına kömək edəcək. Tibbi sığortanın tətbiqi ilə dövlət xəstəxanalarının məsuliyyəti artırılsa da, özəl klinikalara çox da ciddi problem yaratmır. Özəl klinikalara ödənişi dövlət müəssisələri ilə eyni həddə çatdırsa güclü rəqabət yaranacaq və burda qazanan da pasientlər olacaq”.

“Bununla da həkimlər özlərinə mənfəət gətirən, mənasız dərmanları pasientə yazmayacaq”

Avropa Nevrologiya Akademiyasının üzvü, Nevroloq Qalib Əsədov da açıqlamasında pulsuz lakin keyfiyyətli tibbi yardımdan danışıb.

qalib.jpg

“Sığortanın tətbiqi həm də həkim məsuliyyətini artırır. Çünki onun yazdığı müayinə və müalicəyə sığorta təşkilatı nəzarət edəcək. Eyni zamanda onların yazdığı reseptlərə də sığorta agentliklərində xüsusi ekspertlər var ki, nəzarət edirlər. Klinik protokol var ki, o təsdiq edəcək xəstəyə hansı vasitələr lazımdır. Eyni zamanda pasientlər də keyfiyyətli dərman ala biləcəklər. Vətəndaşların yoxsul təbəqəsi sağlıq problemləri ilə vaxtında həkimə müraciət edə bilmirlər.

Avropaya gedəndə belə sığortalanmaq tələb olunur. Biz buna gec-tez gedəcəyik. Təbii ki, həkimlər üçün də, səhiyyəmiz üçün də, xəstələr üçün də icbari tibbi sığortanın tətbiqi çox uğurlu olacaq”.

İcbari tibbi sığortanın tətbiqinin dəqiq vaxtı, nəzərdə tutulan ödəniş və xidmət edəcək müəssisələr barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verildi ki, tibbi sığorta sisteminin tətbiqi növbəti ilin sonuna qədər başlayacaq.

agentlik.jpg

““Tibbi Sığorta Haqqında” qanuna görə, təminat baza və əlavə hissədən ibarətdir. Baza hissəsinə görə 29 manat dövlət büdcəsindən ödəniləcək. Əlavə hissə üçün isə sığorta haqqı ödənilməlidir. Əmək fəaliyyəti olmayan 18 yaşınadək şəxslər, peşə, orta ixtisas və ali təhsil məktəblərində əyani üzrə təhsil alan 23 yaşadək vətəndaşlar, pensiyaçılar, əlilliklə sosial müavinət alanlar, ünvanlı dövlət sosial yardım alanlar, hamilə qadınlar, doğuşdan sonrakı məzuniyyətdə olan qadınlar və ödənişli sosial məzuniyyətdə olan qadınlar üçün 120 manat illik sığorta haqqı müəyyən olunub. Bu da dövlət büdcəsi hesabına ödəniləcək. Digər şəxslər üçün nəzərdə tutulan 120 manat isə vətəndaşların şəxsi hesablarına ödəniləcək. Tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər İTS fondunda cəmləşdiriləcək.”

Mehman Nəbiyev