"Ötən illə müqayisədə bu il yumurtanın qiyməti 1 qəpik ucuzlaşıb".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib.

Onun sözlərinə görə, topdansatış qiymətə gəlincə, bir ədəd yumurtanın qiyməti marketə təhvil verilmə anına qədər çəkilən xərclər daxil olmaqla 14.17 qəpik hesablanır.

M.Həsənli bildirib ki, marketlərdə isə yumurta 16-17 qəpiyə satılır: "Ölkədə kifayət qədər yumurta istehsalı var. Belə ki, gündəlik 5 milyon  500 min ədəd yumurta istehsal olunur. Əhalinin gündəlik yumurtaya olan tələbatı ən yaxşı halda 3 milyon 600 min ədəd civarındadır. Yaxın 5 ildir ki, qalan yumurtalar Yaxın Şərq ölkələrinə, Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, İraqa, Əfqanıstana və digər ölkələrə ixrac olunur. Ötən ilin dekabr ayından Rusiya bazarına da yumurta ixracatı başlanılıb".

Yumurta ixracının daxili bazardakı qiymətlərə təsirinə toxunan M.Həsənli söyləyib ki, bu ixracın daxili bazardakı qiymətlərə hansısa formada təsiri yoxdur, yəni yumurtanın qiymətində artım olmayacaq.

 

Gülşən Şərif