"Bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qanun layihəsi bələdiyyə institutunun daha da təkmilləşməsinə əsaslar yaradır".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan dəyişiklik bələdiyyələrin istənilən vaxt birləşməsinə və ya ayrılmasına imkan verir:

"Bələdiyyələr birləşəndə və ya ayrılanda onların adları, ünvanları dəyişilə bilir. Bu isə ərazilərin, yaşayış məntəqələrinin seçilməsi və adlandırılması ilə əlaqədardır. Lakin burada vətəndaşların ünvanlarına heç bir təsir göstərilmir. Çünki ünvan bilavasitə vətəndaşların qeydiyyatında öz əksini tapıb və vətəndaşlar da həmin qeydiyyatda daimi olaraq qalırlar".

Deputat söyləyib ki, seçkilər zamanı həmin ərazilərdə yaşayan və qanunvericiliyə uyğun olaraq əraziləri müəyyən olunan insanlar öz ərazilərində yaradılan və ya fəaliyyət göstərən bələdiyyələrə səs verəcəklər:

"Həmin ərazidə yaşayan insanlar qeydiyyatda olmasalar belə seçmək və seçilmək hüququna malikdirlər. Əgər daimi olaraq həmin ərazidə yaşayırlarsa, seçkilərdə iştirak etmək hüququna malikdirlər. Ölkədə bələdiyyə seçkiləri azad və demokratik şəraitdə keçirilir. Bu islahatların aparılması bələdiyyə seçkilərinin daha mütəşəkkil keçməsinə imkan verəcək. Çünki bələdiyyələrin sayı azaldılır, seçkilərə gedənlərin sayında da müəyyən qədər azalmalar olacaq. Bu isə daha yaxşı və qabiliyyətli insanların bələdiyyə orqanlarında fəaliyyət göstərməsinə stimul yaradacaq".

Qeyd edək ki, Milli Məclis martın 1-də bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qanun layihəsini müzakirəyə çıxarıb. “Bələdiyyələrin statusu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək.

Gülşən Şərif