Qazaxıstan cari ilin sonuna qədər İrana 1 mln. ton, Gürcüstana və Azərbaycana isə 1 mln. ton taxıl ixrac etməyi planlaşdırır.

Bu barədə Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Gülmirə İsayeva məlumat verib.

“Bizə daha çox həcmdə taxıl tədarükü ilə bağlı sorğular daxil olur. Təkcə Gürcüstan 700 min ton, Azərbaycan isə 500 min ton taxıl istəyir. Biz logistika və qiymətəmələgəlmə prosesindən irəli gələrək özümüz üçün daha adekvat rəqəmlər müəyyən edirik. Ümid edirik ki, bu il İran bazarına 1 mln. ton və Zaqafqaziya bazarına 1 mln. ton real rəqəmdir”, - deyə o, bu gün keçirilən “KazGrain-2019” konfransının kuluarlarında jurnalistlərə bildirib.

Bundan əlavə, Qazaxıstandan taxıl idxalının həcmini artırmaq istəyən Gürcüstan və Azərbaycan hökumətləri ilə də danışıqlar aparılır.

“İndi logistika çox yaxşı qurulduğu və taxılımız digər ölkələrin taxılından daha keyfiyyətli olduğu üçün bu ölkələr bizə müraciət edib. Həm Azərbaycan, həm də Gürcüstan 1 mln. tona yaxın taxıl idxal etməyə hazırdır”, - deyə nazir müavini qeyd edib.