Bir neçə gündür ki, ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti davam edir. Hava şəraitinin dəyişməsi ilə bəzi bölgələrə leysan xarakterli intensiv yağışlar yağıb, bəzi yerlərə dolu düşüb, çaylardan isə sel keçib. Hətta qar yağan ərazilər də mövcuddur. May ayında davam edən bu cür hava şəraitinin isə kənd təsərrüfatına təsirləri qaçılmazdır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov İqtisadiyyat.az-a açıqlamasında məsələ ilə bağlı öz fikirlərini bölüşüb.

O deyib ki, yağışlı havaların uzun müddət keçməsi kənd təsərrüfatında ayrı-ayrı sahələr üzrə həm müsbət, həm də mənfi təsirini göstərir.

Ekspertin sözlərinə görə, aqrotexniki qaydalara əməl etmək indiki halda qeyri-mümkündür: “Havaların 10 günə yaxındır ki, soyuq keçməsi səbəbindən əksər bitkilərdə inkişaf prosesi dayanıb. Lakin belə hava şəraitinin bəzi sahələrə müsbət təsirləri də var. Məsələn, ot istehsalında artım ola bilər. Lakin bəzi rayonlarda ot biçini həyata keçirilsə də, onu vaxtında quruda və yığa bilməyiblər. Ona görə də çürümə baş verib”.

V.Məhərrəmov bildirib ki, yazlıq səpini kim gecikdiribsə, əkini vaxtında həyata keçirə bilməyibsə, onlar hələ də əkin-səpin işini apara bilmirlər: “Kim yağışdan 1-2 gün qabaq toxumu səpmişdisə, onların da toxumu inkişaf olmadığı üçün artıq çürüyüb. Bitkilərin isə inkişaf fazası fərqlidir. Yəni regionlardan asılı olaraq hava şəraiti təsərrüfata müsbət və yaxud da mənfi təsir göstərəcək”.

Mütəxəssis həmçinin intensiv yağışın meyvə ağaclarına isə bir o qədər də ciddi təsirinin olmadığını söyləyib: “Müəyyən regionlara dolu düşməsi ağacların budaqlarını sındırıb, meyvələrinin tökülməsinə səbəb olub. Amma bir neçə gündən sonra havalar isti keçərsə, itki bərpa oluna bilər. Yəni qalan meyvələr daha yaxşı yetişə bilər. Apardığımız müşahidələr də bunu göstərir. Ümumilikdə, hazırki hava şəraitinin kənd təsərrüfatına nə dərəcədə ciddi təsirlərinin olacağı, məhsul istehsalının nə qədər azalacağını hələlik müəyyən etmək mümkün deyil. Bu, yalnız havalar istiləşdikdə, mütəxəssislər sahəyə çıxdıqda müəyən ediləcək. Ümumilikdə, istehsalın ciddi azalacağını düşünmürəm”.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.

Sadiq Cavadov