Birləşmiş Ərəb Əmirliyində Munira Abdulla adlı şəxs 1991-ci ildə oğlunu məktəbə apardığı avtomobilin qəza törətməsi zamanı beynində yaranmış zədələrlə komaya girmişdi. İqtisadiyyat.Az xarici mediaya istinadən məlumat verir ki, “Nyu-York Post”-da yer alan xəbərə görə,  həkimlər tərəfindən Abdullanın əsla oyanmayacağına dair ailəsinə məlumat verilmişdi. Uzun illər bir dəyişiklik olmayan Abdulla 27 il sonra oyanıb.

Abdullanın qəza keçirərkən 4 yaşında olan oğlu Omar indi 32 yaşındadır. Omar anasına, “Ümidimi heç vaxt itirmədim, bir gün oyanacağını bilirdim” deyib.

2017-ci ildə BƏƏ hökumətinin təşkil etdiyi fond çərçivəsində ailəsi Munira Abdullanı Almaniyaya aparıb. Müalicə əsnasında Abdulla bir neçə əməliyyat keçirib. Hərəkətsizlik səbəbilə qısalan qol və ayaq sümükləri müalicə edildi, beyin zədəsi üçün də bu proses aparıldı.

1 il sonra xəstəxanada həkimlərlə mübahisə edən Omar, anasından qəribə səslər eşidib. Dərhal çağrılan həkimlər, Omara anasının vəziyyətinin normal olduğunu bildirib.

“3 gün sonra kiminsə adımı çəkdiyini eşitdim və yuxudan oyandım” deyən Omar, “Adımı çəkən anam idi. Sevincimin həddi-hüdudu yox idi. İllərdir bu anı xəyal edirdim və oyanınca ilk dediyi kəlmə mənim adım oldu” söyləyib.

Omarın həkimlərlə mübahisə etməsi, Munira Abdullaya vəziyyətinin pis olması hissini yaşadıb və o, şok keçirərək ayılıb. 27 il sonra komadan ayılan Munira indi hər şeyə daha çox reaksiya verir. Hazırda Munira Abdulla Abu-Dabidə reabilitasiya mərkəzində müalicəsini davam etdirir.