Komitədən İqtisadiyyat.az-a verilən məlumata görə, özəlləşdirmədə elektron sistemin tətbiqi ilə 26 fevral tarixində növbəti hərrac reallaşıb. Müasir üsulların təmin etdiyi fürsətlər prosesdə rəqabətli mühit yaradıb. Belə ki, ayın son hərracında 13 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilib. İştirakçılardan 2-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş verib.

Nəqliyyat vasitələri üzrə iştirakçı aktivliyi budəfəki hərracı rəqabətli edib. Belə ki, buraxılış tarixi 2007 olan VAZ-21043 markalı avtomobil üçün 4 sifariş verilib. İştirakçılar arasında mübarizə ilkin qiyməti 2 dəfə yüksəltdi. Belə ki, start qiyməti 2 min manat olan nəqliyyat vasitəsi 4 min manata özəlləşdirildi. Analoji hal istehsal tarixi 2005 olan Nissan Maxima markalı avtomobil üçün də xarakterikdir. Biri elektron olmaqla, 5 sifarişin verildiyi nəqliyyat vasitəsinin ilkin qiyməti 3 min manat olsa da, qalib iştirakçı onu 5 min 160 manat təklif edərək özəlləşdirdi.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri paytaxtda yerləşir. Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsindəki ticarət obyektlərinin ümumi faydalı sahələri 329.8 kv.m və 408.3 kv.m-dir. 2 min 400 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilən kiçik dövlət əmlakı Qaradağ rayonu, Qızıldaş-Müşfiqabad yolunda yerləşir. Yanacaq doldurma məntəqəsi kimi istifadə olunmuş obyektin ümumi faydalı sahəsi 45.6 kv.m-dir. Adıçəkilən hər bir dövlət əmlakından səmərəli istifadə investorun gəlirli biznes fəaliyyətini reallaşdıra bilər.

Qeyri-yaşayış sahələri müxtəlif xidmət və ya ofis obyekti kimi istifadə üçün uğurlu seçimdir. Bu kateqoriyadan olan dövlət əmlakları paytaxtla yanaşı, Bərdə, Tovuz, Şabran rayonlarında yerləşir. Obyektlərin ümumi faydalı sahəsi 8.3 kv.m ilə 162.9 kv.m aralığındadır. Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 43.2 kv.m-dir. İştirakçı tərəfindən bu dövlət əmlakı 6 min manata özəlləşdirildi. Daha az büdcə ilə kiçik sahibkarlıq fəaliyyətinə başlamaq imkanı yaradan digər qeyri-yaşayış sahəsi isə Tovuz şəhəri, Sabir küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 103.2 kv.m-dir. Hərrac iştirakçısı adıçəkilən dövlət əmlakını 10 min manata özəlləşdirdi.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 5 mart tarixində baş tutacaq. Prosesə ümumilikdə 82 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 36-sı kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 7-si qeyri-yaşayış sahəsi, 4-ü yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.