2050-ci ilə qədər quraqlıq səbəbindən dünya üzrə 216 milyon insan miqrasiya etməli olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Səhralaşma ilə Mübarizə Konvensiyası çərçivəsində hazırlanan "2022 Quraqlıq Rəqəmləri" hesabatında deyilir.

Mütəxəssislər ən çox təsirlənəcək bölgələrin Aralıq dənizi, Şimali Afrika və Yaxın Şərq olduğunu bildiriblər.

İqlim dəyişikliyinin səbəb olduğu quraqlıq, xüsusilə kənd təsərrüfatı, səhiyyə, iqtisadiyyat və enerji sektorunu əhatə edir.

Məlumata görə, quraqlıq hər il dünyada 55 milyon insana təsir edir. 2000-2019-cu illərdə 1,4 milyard insanın həyatını çətinləşdirən quraqlıq, daşqından sonra zərər çəkən insanların sayına görə ikinci ən böyük fəlakət olub.

Bildirilib ki, quraqlıq səbəbindən son 100 ildə 10 milyondan çox insan ölüb. Hesabata görə, hər il quraqlıq və səhralaşma nəticəsində 12 milyon hektar ərazi itirilir. Quraqlıqdan təsirlənən bitkilərin sayı isə son 40 ildə iki dəfə artıb.

 

Gözəl Həşimova