2070-ci ilə qədər Xəzər dənizində suyun temperaturunun 1,7, əsrin sonuna qədər 2,1 dərəcə artması qeydə alına bilər. Ssenariyə görə əgər ölkələr heç bir tədbirlər görməsə, əsrin sonuna kimi temperatur 4,5 dərəcə arta bilər ki, nəticədə səviyyə 3,7 metr enə bilər. 

Hidroloq Rövşən Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Xəzər dənizində qlobal iqlim dəyişməsi ilə əlaqədar temperaturun artması çox ciddi fəsadlara yol aça bilər. Onun sözlərinə görə, bu fonda ilk növbədə, hava temperaturunun artması müşahidə oluna bilər: 

"Paralel olaraq Xəzər dənizində həll olunmuş oksigenin azalmasına və ekosistem elementlərinə zərər verə bilər. Həll olunmuş oksigenin azalması dənizdə yaşayan bütün canlılar üçün oksigenin olmamasına və onların boğulmasına səbəb ola bilər". 

Görəsən, Xəzər dənizində suyun azalması hansı təhlükələrdən xəbər verir?

Hidroloq həmçinin bildirib ki, Xəzər dənizinin səviyyəsinin azalmasının çay və dəniz ekosistemlərinə çox ciddi zərbə vura bilər: "Belə ki, çaylarda sululuğun azalması və dənizin səviyyəsinin aşağı düşməsi Xəzər dənizindən çaylara və çaylardan Xəzər dənizinə balıqların keçidinə çox ciddi əngəl törədir. Nəticədə balıqların sayı çox azalır. Çünki Xəzər dənizində yaşayan əksər balıqlar miqrasiya balıqlarıdır. Bu balıqlar birbaşa dənizdə yox, çaylarda kürü tökürlər. Eyni zamanda sahil ekosistemlərinə də zərər dəyə bilər".

Xəzər dənizi ilə bağlı problemin iqtisadi təsirlərinə də toxunan hidroloq hesab edir ki, gəmilərin sahilə yer almasında yaranan çətinliklər limanların hərəkətinə mane olur:

"Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində gəmilərin sahilə yan alması, sahildə çirklənmiş ərazilərin üzə çıxması, qum və duz fırtınalarının əmələ gəlməsi kimi fəsadlar gözlənilir. Balıqların sürətlə azalması çox böyük iqtisadi itkilərlə müşahidə olunur. Təxmini hesablamalara görə, Azərbaycanın büdcəsinə təkcə nərə balığından illik 300 milyon dollara yaxın vəsait daxil ola bilərdi. Əslində uzunmüddətli dövr üçün bu rəqəm çox böyükdür. Təəssüf ki, bu cür gəlir mənbəyi hazırda mövcud deyil".

Bəs, problemin qarşısını necə almaq olar?

R.Abbasov hesab edir ki, bu problemin qarşısını almaq üçün dünya ölkələri həmrəylik nümayiş etdirməlidir. 2015-ci ildə dünya ölkələrinin Paris razılaşmasına qol çəkdiyini xatırladan hidroloq söyləyib ki, Azərbaycan da bu razılaşma ilə əlaqədar olaraq öz üzərinə ümumi öhdəliklər götürüb.

Razılaşmada isə qeyd edilib ki, bütün ölkələr öz ərazisində havaya atılan istixana qazlarının miqdarını azaltmalıdırlar ki, qlobal iqlim dəyişikliyi baş verməsin və havanın temperaturu artmasın.

Qeyd edək ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu  da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir. 

 

Gülşən Şərif