Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin narahatlığına səbəb olub. Paylaşılan videoda Suqovuşan su anbarında suyun həcminin xeyli azaldığı görünür. Bu, su hövzəsinin quruması ilə bağlı şübhələr yaradıb.

Iqtisadiyyat.az məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Qurumdan verilən məlumata görə, sözügedən ərazidə suyun qurumasından söhbət gedə bilməz:

"Orada su məqsədli şəkildə azaldılıb ki, aparılan təmir-bərpa işləri səmərəli şəkildə icra olunsun".

Məsələ ilə bağlı ərazidə görülən işlərə rəhbərlik edən baş mühəndis Mehman Kərimovla da əlaqə saxladıq. O da deyilənləri təsdiq etdi:

"Orada suyu özümüz azaltmışıq. Çünki irriqasiya suburaxıcı qapılar yenidən qurulur. O qapılar çox dərindədir və 30 ildən çox müddətdə işləmədiyi üçün yenilənir. Buna görə də suyu açıb buraxmışıq ki, orada işlər görülə bilsin".