BP və SOCAR-ın 2020-nin sonunda Türkiyədə yeni neftkimya müəssisəsinin inşasına başlamaq planları açıqlanıb. SOCAR-ın Türkiyədəki Enerji direktoru Emil Alxaslı açıqlamasında müəssisənin inşası üçün tender başladıldığını, nəticələrin gələn ay açıqlanacağını və layihənin 1.8 milyard dollar dəyərində olduğunu bildirib.

İqtisadiyyat.Az türk mediasına istinadən xəbər verir ki, BP və SOCAR müəssisənin inşası üçün 2018-ci ildə anlaşma imzalamışdı. Emil Alxaslı “Reuters” agentliyinə verdiyi açıqlamada, “Müəssisənin ərsəyə gəlməsi üçün tender açılıb və 3 şirkət tenderə qatılıb. Nəticələr gələn ay açıqlanacaq” deyib.

Həmçinin o, Türkiyədə reallaşdırılacaq birgə layihənin 2023-cü ilə qədər tamamlanacağını söyləyib. Müəssisənin tutumu 1.250 milyon ton saflaşdırılmış tereflatik turşu, 840 min ton paraksilen və 340 min ton benzindən ibarət olacaq. Layihənin 1.8 milyard dollara başa gələcəyi gözlənilir.