“Azərbaycan uğurunu təkrarlaya bilər. Ermənistanın hazırda heç bir müttəfiqi yoxdur". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri rusiyalı analitik Anatoli Nesmiyan öz teleqram hesabında qələmə alıb. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında yeni gərginlik xətti açılıb: “Azərbaycan qətiyyətli hücuma keçəcəyi təqdirdə, Qarabağla bağlı məsələ böyük ehtimalla öz həllini tapacaq. Lakin ola bilsin ki, paralel olaraq indi Ermənistan tərəfdə qalmış hansısa ərazinin də Azərbaycan ərazisinə birləşdirilməsi vəzifəsi qarşıya qoyulsun".

 

 

Siyasi şərhçi hesab edir ki, Rusiyanın hadisələrə müdaxiləsi ehtimalı mümkünsüzdür: "Hazırda Əliyev üçün ideal məqam yetişib. Rusiya hətta sülhməramlı qismində də müdaxilə edə bilməyəcək. Onun hazırki gücü Ukrayna çöllərində basdırılıb. Türkiyə isə əksinə Ukrayna münaqişəsində iştirak etmir. Ona görə də hazırki vəziyyətə müdaxilə edə biləcək gücünü qoruyub saxlayıb. 

Ekspert baş verə biləcək hər hansısa silahlı gərginliyə Qərbin də müdaxiləsini ehtimal xaricində hesab edir: "Qərb təəssüfünü və ya narazılığını bildirəcək, lakin Cənubi Qafqaz hamının xəritədə dərhal tapa bilməyəcəyi uzaq bir periferiyadır. Yeri gəlmişkən, oyunda İsrail də var. Hansı ki bu Azərbaycan üçün çox vacibdir. İran üçün isə şimaldan təhlükə deməkdir. İran isə sanki əlindən gələni edir ki, bu təhlükə aradan qalxmasın. Çünki İran səlahiyyətliləri danışıqları deyil, aqressiv davranışı daha yaxşı bacarırlar". 

A.Nesmiyan Azərbaycanın Qarabağ mövzusunda növbəti uğura çox yaxın olduğunu bildirib: "Ermənistan siyasi cəhətdən parçalanıb. Ölkədə hətta mümkün müharibə fonunda belə birlik yoxdur. Ölkənin heç bir müttəfiqi yoxdur. KTMT isə gülməli bir ortamdır. 

Azərbaycan rəhbərliyi Qarabağ mövzusunda erməniləri dalana dirəyib. Onlar açıq şəkildə “biz bunu təkrarlaya bilərik” deyirlər. Görünür ki, bu "təkrar getdikcə daha da yaxınlaşır", - deyə Nesmiyan şərhinin sonunda vurğulayıb.