Dayanmış danışıqlar, artan eskalasiya və müharibə ehtimalı...

Artıq xeyli zamandır ki, Azərbaycan və Ermənistan arasında danışıqlar dalana dirənib. Bunun müxtəlif səbəbləri var. Bu məsələdə həm Ermənistan günahkardır, həm də regionda söz sahibi olmaq istəyən digər ölkələr. Açıq şəkildə regionda ağalıq uğrunda mübarizə gedir. Rusiyanın Ukrayna müharibəsində zəifləməsi fonunda bəzi ölkələrin Cənubi Qafqaza sahiblənmək iştahası artıb. Fransa, İran, ABŞ və Türkiyə regionun əsas söz sahibi olmaq niyyətindədir. Ermənistan onu yaradanın - Rusiyanın üzünə ağ olur. Ermənistan ilk çətin vəziyyətə düşən kimi Rusiyadan qopmağa çalışır. Artıq Ermənistanda Rusiyadan qopmaq, rus hərbi bazasının ərazisindən çıxarmaq, KTMT-dən çıxmaqla bağlı fikirlər səsləndirir və bunlar hər keçən daha da güclənir. Məsələ təkcə bununla da bitmir. Ermənistan NATO ilə hərbi təlimlərə hazırlaşır. NATO-dan da Ermənistana dəvətin gəldiyini düşünsək, regionda vəziyyətin nə qədər qəliz olduğunu anlaya bilərik. Bilirik ki, NATO Rusiyanın qırmızı xəttidir. Belə olan təqdirdə, Rusiya öz yaratdığı dövləti boğacaq. Bunu özümü edəcək, yoxsa Azərbaycanamı göz yumacaq, yaxın zamanda görəcəyik.

Ermənistan öz gücünə bu qədər çətin və məşəqqətli prosesin içərisinə girməz, girə bilməz. Hiss olunur ki, Ermənistana "qorxma-qorxma" deyən güclər var.

Rəsmi İrəvan situativ siyasət yürütməklə məşğuldur. Ermənistanın Qarabağ və regionla bağlı verdiyi heç bir bəyanatın səsləndirdiyi vaxtdan sonra əhəmiyyəti qalmır. Biz bunu həm sülhməramlılar, həm Qarabağ, həm də sərhədlə bağlı görmüşük. Artıq bunu region və regionda maraqları olan ölkələr anlayıb. Buna uyğun olaraq da tədbirlər görüləcək.

Ermənistan bilərəkdən eskalasiyanı artır. Qarabağa onların silah-sursat keçirməsi artıq mümkünsüz hala gəldiyi üçün daha çox şərti sərhəd istiqamətinə şəxsi heyət və silah-sursat cəmləşdirir. Buna cavab olaraq da, Azərbaycan da gücləndirmə etməyə məcburdur. Hazırkı vəziyyətə baxanda görürük ki, eskalasiya, hərbi gərginlik 2020-ci ilin sentyabr ayından daha ağır və daha böyükdür. Əgər şərti sərhəd istiqamətində hərbi gərginlik yaransa, bu iki ölkə arasında müharibənin olmasına gətirib çıxara bilər. Əslində Ermənistan bunu istəyən tərəfdir. Çünki Ermənistan siyasi-hərbi rəhbərliyi iki ölkənin qüvvələr nisbətindən xəbərdardır. Bu qədər şəxsi heyət və texnikanın bir istiqamətə cəmləşməsi hər halda mövqe döyüşləri üçün deyil. Belə olan təqdirdə Azərbaycan ordusu qarşı tərəfin legitim hədəflərini sıradan çıxaracaq və hətta təhlükə törədəcək mövqelərini ələ keçirəcək. Bu isə beynəlxalq qurumlar tərəfindən Azərbaycana qarşı təzyiqlə əvəz oluna bilər. Ermənistan da bunu istəyir. Ermənistan sərhəd istiqamətində ona görə daha fəaldır ki, Azərbaycan Qarabağdan yan keçsin. Çünki rəsmi İran da bilir ki, Azərbaycanın qırmızı xətti Qarabağ və oradakı erməni hərbi birləşmələridir. Ermənistan dolayısı ilə zərbə dalğasını öz üzərinə götürərək, onları qorumağa çalışır.

Hesab edirəm ki, Azərbaycan gündəmi, daha dəqiqiqi hərbi gündəmi özü müəyyən etməlidir. Yəni, istiqaməti Azərbaycan ordusu müəyyən edib, fəaliyyətə başlamalıdır.

Hazırkı siyasi proseslərə baxanda görürük ki, regionun əsas fiqurları səssiz prosesləri izləyir. Rusiya bunu bilərəkdən edir. Çünki Moskva bilir ki, hərbi əməliyyatlar baş versə, Azərbaycan Ermənistanı cəzalandıracaq. Dolayısı ilə Rusiya özünün etmək istədiyini başqası tərəfindən ediləcəyini ləzzətlə izləyəcək. Türkiyənin İranla danışıqları sonu İranın da səssiz qaldığını görə bilirik. Müqavimət göstərən tərəf yalnız Fransadır. Fransa Rusiyanın regiondan çıxacağı təqdirdə özünü burda görmək istəyir. Fransana Cənubi Qafqazda həmişə bir formada təmsil olunub. İndiki məqamda özünü Rusiyanın yerinə namizəd kimi göstərir. Bir çox ekspertlər isə Rusiyanın Cənubi Qafqazı Türkiyəyə təhvil verəcəyini düşünür. Sonuncu iddia daha real görsənir.

Hesab edirəm ki, hazırda siyasi gərginlik artıq pik həddini görüb və yerini hərbi gərginliyə verib. Əgər qeyri adi bir hadisə baş verməsə, regionda hərbi əməliyyatlar olması qaçınılmazdır. Müharibə ehtimalı da yerini gündəmdə qoruyur.

 

Səxavət Məmməd