Qazaxıstan hökuməti irimiqyaslı daşqınlar nəticəsində kiçik və orta biznesin əmlak itkilərini kompensasiya etmək üçün öz ehtiyatlarından 25 milyon dollardan çox vəsait ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Hökumətin ehtiyatından olan vəsait 6 vilayətin büdcəsinə köçürüləcək. Bildirilib ki, zərər çəkmiş sahibkarlara dəyən zərərin ödənilməsi üzrə işlərə başlanılıb. Nazirlik 178 müraciəti nəzərdən keçirib və təsdiqləyib.

Mətbuat xidməti qeyd edib ki, daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində aparılan işlər hökumətin daimi nəzarətindədir.

Qeyd edək ki, mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın on bölgəsində fövqəladə vəziyyət elan edilib. Bu müddət ərzində xilasedicilər ümumilikdə 119 mindən çox insanı təxliyə ediblər.

 

Gözəl Həşimova