Təhsil eksperti Kamran Əsədov bir müddət öncə öz feysbuk profilində Neftçaladakı uçuq-sökük orta məktəbin şəklini paylaşmışdı. Əməkdaşımız Kamran Əsədovla əlaqə saxlayıb məktəb haqqında əlavə məlumat və fotolar əldə edə bilib. Təhsil ekspertinin verdiyi məlumata əsasən, sözügedən məktəb Neftçala rayonu, Xıllı qəsəbəsi, Rafiq Gözəlov adına 1 saylı orta məktəbdir. Ekspertin verdiyi məlumata görə məktəb Muğan zonasının 100 il tarixi olan ən yaşlı məktəbidir. Seyran Səfərov kimi əməkdar müəllim və bir sıra tanınmış şəxsiyyətlər yetişdirib. Amma hazırda yararsız vəziyyətdədir, otaqların isidilməsi üçün rezin təkər yandırırlar ki, buna görə də valideynlər uşaqları məktəbə qoymurlar. Məktəbin əvvəlki direktoru Siyasət Talıbov olub. İndi isə Cəmaləddin Süleymanovdur.

Təhsil eksperti Nadir İsrafilov İqtisadiyyat.az-a açıqlama verərkən bildirib ki, bölgələrdə məktəblər əsaslı şəkildə təmir olunur və bu sahədə çox uğurlu nəticələr əldə edilib.

“Təkzib olunmaz faktdır ki, ölkənin şəhər və kəndlərində təkcə son 10 il ərzində 3500-ə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Qəzalı vəziyyətdə olan məktəblərin 2017-2018-ci illərdə modul tipli məktəblərlə əvəz edilməsi istiqamətində də xeyli işlər görülüb. İlk pilot layihə çərçivəsində artıq onlarla məktəb binası quraşdırılaraq təhvil verilib. Onlarla məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb və quraşdırılması davam edir. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.

Ekspert açıqlamasaına davam edərək onu da bildirib ki, məktəb tikintisinə ayrılan vəsait yetərli deyil. Tikinti v təmir işlərinin həcmi vəsaitdən daha çoxdur.

“Dövlət başçısının da bildirdiyi kimi, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. 3 min 272 məktəbin tikilməsinə və təmir edilməsinə baxmayaraq, bu göstərici mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti dövlət proqramında nəzərdə tutulacaq. Bir də ki, təhsil islahatları təkcə məktəb tikintisi ilə məhdudlaşmır. Bu məktəblərdə təhsilin keyfiyyətini yüksəltmək də ən başlıca vəzifələrdən biridir. İstər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsidir. Lakin işlər bununla yekunlaşmır. Hazırda respublika üzrə cəmi 4500 məktəb var, onların çox hissəsi yenidən tikilib və bu proses davam edir”.

 

Mehman Nəbiyev