Kənd Təsərrüfatı naziri İnam Kərimov Dünya Ərzaq Təşkilatı ilə keçirilən tədbirdə məlumat verib ki, ətə və südə olan tələbatın 90%-ni təmin edə bilirik. Yəni, nazirin sözlərinə görə, təminat üçün 10% idxala ehtiyac var. İqtisadçı ekspert Rövşən Ağayev isə ət və südün ölkəyə idxalını faiz göstəriciləri ilə təhlil edib. Ekspert etdiyi təhlili öz feysbuk profilində paylaşıb. İqtisadiyyat.az həmin paylaşımı oxucularına təqdim edir:

“Kənd təsərrüfatı naziri Dünya Ərzaq Təşkilatının iştirakı ilə keçirilən tədbirdə qeyd edib ki, ət və südlə təminat səviyyəsi 90%-ə çatıb. Yəni, bu məhsullara olan tələbatımızın cəmi 10%-i xaricdən alınır. Yerli və xarici informasiya mənbələrini araşdıranda ən azından ətə tələbatın ödənilmə təminat səviyyəsi ilə bağlı səslənən '90%' rəqəmi real görünmür. Milli Statistikaya görə, bütün növ ətə olan daxili tələbat 360 min ton təşkil edir. Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə Azərbaycana 41 min ton, 2018-ci ildə 48 min ton ət idxal olunub. Bu rəqəmlərdən çıxış etsək, tələbatın 13%-i qədərilə ət idxal olunduğu görünür. Bu məlumat Comtrade bazasının rəqəmi ilə üst-üstə düşür. Həmin mənbədə də ixracatçı ölkələrin hesabatına görə, 2017-ci ildə Azərbaycana 41 min ton ət ixrac edilib. Bu ixracın təxminən 60%-i Ukraynanın payına düşüb. Amma iş orasındadır ki, hökumət diri idxal olunan heyvanların ət istehlakının ödənilməsində iştirakını nəzərə almır. Belə çıxır ki, diri heyvanlar ancaq damazlıq və südlük məqsədilə gətirilir. Amma idxal olunan heyvanların sayı kifayət qədər çoxdur və onların hansısa, hissəsinin ətlik məqsədlə ölkəyə idxalına şübhə yoxdur. Məsələn, “Comtrade”-in bazasında 2017-ci ildə Almaniya və Avstriyadan Azərbaycana 4500 baş iribuynuzlu mal ixrac edildiyi bildirilir və bu heyvanlar damazlıq məqsədlərlə gətirilməsi real görünür. Amma iş orasındadır ki, diri heyvan idxalında “Comtrade” və milli statistika arasında ciddi fərq var. Məsələn, Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə ölkəyə 88 min baş iribuynuzlu, 132 min baş isə qoyun-keçi idxal edilib. “Comtrade”-də isə bu rəqəm fərqlidir- ixracatçı ölkələrin məlumatına görə Azərbaycana 126.3 min baş iribuynuzlu, 116 min baş isə qoyun-keçi ixrac edilib. Gürcüstan tərəfin məlumatına görə təkcə elə onlardan Azərbaycana 77 min başa yaxın iribuynuzlu mal-qara göndərilib. Ukrayna isə 36 min göstərir. Hər halda ətlik məqsədlərlə gətirilən heyvanların kəsimə gedən hissəsi də dəqiq araşdırılsa, ətə tələbatın ödənilməsində nazirin dediyi kimi 10% deyil, daha çox olacağı aydın görünər”.

MEHMAN NƏBİYEV