ABŞ-nin texnologiya nəhənglərindən biri olan "Meta"nın gəliri ötən ilin dördüncü rübündə illik müqayisədə 25% artaraq 40,1 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Şirkət 2022-ci ilin eyni dövründə 32,2 milyard dollar gəlir əldə edib.

Hesabat dövründə "Meta"nın xalis mənfəəti 201% artaraq 14 milyard dollara çatıb. Şirkət 2022-ci ilin eyni dövründə 4,6 milyard dollar xalis mənfəət açıqlayıb. Şirkətin səhm üzrə mənfəəti isə 5,33 dollara çatıb.

Qurum həmçinin bu ilin birinci rübündə 34,5-37 milyard dollar arasında gəlir gözlədiyini açıqlayıb.

Eyni zamanda, "Facebook"un gündəlik aktiv istifadəçilərinin sayı keçən ilin dekabrında illik bazda 6% artaraq 2,11 milyarda çatıb.

 

Gözəl Həşimova