Son dövrlər Ermənistan və havadarlarının Azərbaycana qarşı təzyiq vasitələri artıb. Belə ki, Ermənistan bir neçə gündür Qarabağa "humanitar yük” göndərmək ətrafında çirkin kampaniyaya start verib və özünəxas formada şou yaratmağa çalışır. Maraqlıdır ki, Rusiya Ermənistanın bu addımına biganə yanaşır və prosesi kənardan səssiz izləyir. Bu laqeyd münasibətə görə Ermənistan Rusiyanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb. 

Maraqlıdır ki, Rusiyanın Ermənistana qarşı mövqeyinin dəyişməsinin səbəbi nədir?

 

 

Mövzu ilə bağlı Azərbaycan Bütövlük Platforması (ABP) sədri Bəhram İsmayıl İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Ermənistan hakimiyyətinin, konkret olaraq Paşinyanın son dövrlər Qarabağdan imtina xəttindəki mövqeyi birmənalı olaraq daxili auditoriyadan çəkinməsi ilə bağlıdır:

"Həm Rusiyanın, həm seperatçıların, həm də Ermənistandakı revanşist qüvvələrin koalisiyasına qarşı duruş gətirmək çox da asan deyil. Məhz bu səbəbdən Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü ilk erməni rəsmisi kimi tanıyan Paşinyan "artsax"ın ildönümünü təbrik etdi və ona olan  təzyiqləri azaltmağa çalışdı. Eyni zamanda Fransadan gələn və Qarabağda yaşayan ermənilərə yardım şousu göstərən bir sıra rəsmilərlə isti münasibət qurdu. İrəvanda revanşistlərin çox ümidlə yanaşdığı son mitinqə 10 mindən çox adamın çıxmaması Paşinyanın taktiki istəyinə müəyyən qədər nail olduğunu göstərdi. Beynəlxalq güclər Cənubi Qafqazda Rusiyanın  təsir imkanlarını ələ keçirmək istəyirlər və ona görə də Paşinyan hakimiyyətinə təzyiq göstərirlər. 

Fransa prezidentinin "Biz Qarabağ məsələsini Ermənistan hakimiyyətindən daha çox düşünürük" deyimi yuxarıdakı fikrimizin bariz sübutudur. Ümumiyyətlə, Azərbaycana olan təzyiqlər kifayət qədər geopolitik yükü olan bölgəyə yerləşmək və xüsusən Türkiyənin Cənubi Qafqazda yerləşməsinin, güclənməsinin qarşısını almaq məqsədi daşıyır. Ermənistan isə bütünlüklə asılı olduğu Rusiyadan qurtulmaq cəhdləri edir və Qərbdən daha çox dəstək almaq üçün Rusiyaya qarşı ritorikasını sərtləşdirir".

Rusiyanın Ermənistana qarşı laqeyd münasibəti fonunda Azərbaycanla daha da yaxınlaşması məsələsinə də toxunan ABP sədrinə görə, bu, mümkün deyil:

"Azərbaycan strateji olaraq, Türkiyə və Türk Dövlətləri ilə birgə addımlayır, Avropa ilə energetika sahəsində ciddi əməkdaşlıq edir. Bu isə Rusiyanın imperialist maraqları ilə ziddir. Rusiya sadəcə "sözünə qulaq asmaq istəməyən" Ermənistanın bugünkü hakimiyyətini cəzalandırmaq istəyir. Azərbaycan məlum prosesdə dövlət maraqlarına xidmət edən hər şeydən maksimum istifadə etməklə yanaşı, Rusiyanın imperialist maraqlarının həyata keçməsindən uzaq olmalıdır. Rusiya Ermənistanda istədiyi hakimiyyətin qurulmasını təmin edə bilsə, onun imperialist sifəti daha aydın görünəcək. Rusiyanın bölgədən çıxmasını ən çox istəyən xalq da, dövlət də Azərbaycandır. 

Rusiya Ukraynada uğur qazansaydı, Cənubi Qafqazda öz imperiya maraqları üçün bugünkündən daha kəskin və radikal addımlar atacaqdı. Azərbaycanın ölkə olaraq ən böyük uğuru Ermənistanla sülh müqaviləsi bağlamaq və Rusiyanın bölgədən çıxarılmasını əldə etmək olacaq".

Gülşən Şərif