Bu ilin birinci yarısında Azərbaycanın Gürcüstana ixrac etdiyi elektrik enerjisinin həcmi 30 992 613,1 kVt-saat və ya 6% artaraq 547 621 120,1 kVt-saata çatıb. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan “Elektrik Sistemi Kommersiya Operatoru”nun (ESCO) dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, 2019-cu ilin ilk yarısında Azərbaycanın Gürcüstandan idxal etdiyi elektrik enerjisinin həcmi isə 8 384 685,4 kVt-saat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 471 163,2 kVt-saat və ya 39,4% azdır.

Ümumiyyətlə, hesabat dövründə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 622 058 960,1 kVt-saat təşkil edib. Bundan 547 621 120,1 kVt-saatı Azərbaycanın, yerdə qalan 74 437 840 kVt-saatı isə Rusiyanın payına düşüb.

Hesabatda həmçinin qeyd olunub ki, Gürcüstan 2006-2019-cu illər ərzində Azərbaycandan ümumilikdə 3 434,7 mln. kVt-saat elektrik enerjisi idxal edib. Bu dövrdə Azərbaycanın Gürcüstandan idxal etdiyi elektrik enerjisinin həcmi isə ümumilikdə 277,3 mln. kVt-saat olub.

Xatırladaq ki, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan bu ölkəyə 26 711 400 ABŞ dolları həcmində elektrik enerjisi ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.