Bu ilin yanvar-iyun aylarında Səngəçal terminalı üçüncü tərəf həcmləri də daxil olmaqla 134 milyon barreldən çox neft və kondensat, o cümlədən 121 milyon barreldən artıq Bakı-Tbilisi-Ceyhanla (BTC) və təqribən 13 milyon barreldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib.

“BP Azerbaijan” şirkətindən bildirilib ki, 6 ayda terminaldan, həmçinin gündəlik orta hesabla 46 milyon standart kubmetr (1 milyard 610 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.

Yarım ildə AÇG ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.