Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24526 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,7-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub.

Körpələrdən 828-i əkiz, 39-u isə üçəm doğulub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Şərqi Zəngəzur (12,1), Dağlıq Şirvan və Qarabağ (11,6), Lənkəran-Astara (11,4), Mil-Muğan (11,1), Mərkəzi Aran (10,9), Quba-Xaçmaz (10,7), Qazax-Tovuz və Şirvan-Salyan (10,6) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.