Gəncə Avtomobil Zavodunda yeni yığım xəttinin açılış mərasimi təşkil olunub. “Yeni Müsavat” xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq konveyerdən “PALESSE KZS-575" markalı taxılyığan kombayn və E-321 markalı elektrobus çıxıb.

Belə ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunaş”, eləcə də “Qomselmaş” müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində ölkəmizdə E-321 markalı elektrobusların, həmçinin “PALESSE KZS-575" markalı taxılyığan kombaynların da yığımına başlanılıb.

Gəncə Avtomobil Zavodunda Belarus və Azərbaycan maşınqayıranlarının əməkdaşlığının birgə səylərinin növbəti nəticəsi kimi fəaliyyətə başlayan iki yeni yığım xəttinin bir müddət əvvəl açılışı da olub.

Taxılyığan kombaynın iş prosesi, habelə elektrobusun enerji ilə doldurulması prosesi izlənilib.

Elektrobuslar həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və videonəzarət sistemi ilə təmin olunub.

Saatda 60 kilometr sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində enerjidoldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur.

Mühərriki 155 at gücündə olan “PALESSE KZS-575" markalı taxılyığan kombaynı isə kənd təsərrüfatı texnikalarının son nəslindəndir.

Bu kombayn kiçik və orta təsərrüfatlar, kompakt və manevrli texnika istəyənlər üçün çox əlverişli bir texnikadır.

Bəs bu kombayn və elektrobuslar istismara verilibmi, onlara tələbat varmı?

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibi Məqsəd Rəhimov “Yeni Müsavat”a bildirdi ki, bu istiqamətdə işlər davam etməkdədir: “Bu günədək müəssisədə ümumilikdə 10 729 ədəd 11 modeldə traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib.

Bu texnikalardan 100005-i dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-nə, qalan 724 -ü isə fermerlərə və iş adamlarına satılıb.

2019-cu ilin 5 ayı ərzində “Gəncə Avtomobil Zavodu" İB-də ümumilikdə 670 texnika istehsal olunub. Bunlardan 646-ı müxtəlif model traktorlar, 1 “MAZ” markalı qoşqulu avtomobil, bir ədəd “KamAZ” markalı avtomobil, 8 kombayn, 4 elektrobus, 2 “MAZ” markalı avtobus, 5 özüboşaldan traktor qoşqusu yığılıb".

M.Rəhimovun sözlərinə görə, 2019-cu il mayın 31-nə qədər “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə  təhvil verilib: “Bu avtomobillərin yığımının 30-40 %-ni yerli istehsal təşkil edir. May 31-nə qədər müəssisədə 330 MAZ qoşqusu və 3202 asma avadanlıq istehsal edilib.

Bu müddətədək “Gəncə Avtomobil Zavodu” İB-də ümumilikdə 208 ədəd “KamAZ” markalı yük avtomobili və 411 URAL avtomobili istehsal edilib".