Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün mənbələrdən 8 milyard kubmetr su götürülüb, bunun 6 milyard kubmetri əkin sahələrinə verilib.

Bu barədə İqtisadiyyat.az-a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

Beləliklə, götürülmüş suyun 2 milyard kubmetri və yaxud 25 %-i itkiyə gedib.

"Suvarılan sahələrin 559 566 hektarını dənli bitkilər (orta hesabla 2,4 dəfə suvarılıb), 94 759 hektarını pambıq (3,6 dəfə), 2 647 hektarını tütün (4,5 dəfə), 422 985 hektarını yem bitkiləri (3,2 dəfə), 67 578 hektarını bostan-tərəvəz (5,3 dəfə), 155 203 hektarını çoxillik bitkilər (3,5 dəfə), 146 255 hektarını (4,1 dəfə) isə həyətyanı sahələr təşkil edib", - deyə məlumatda qeyd olunub.

Azərbaycanda 1 milyon 449 min hektara yaxın suvarılan torpaqlarda kənd təsərrüfatı bitkiləri əkilib. Həmin sahələr 52 500 kilometr uzunluğunda kanallar vasitəsilə suvarılır. Suvarma kanallarının 5 800 kilometrlik hissəsi beton üzlüklü, 37 600 kilometrlik hissəsi torpaq məcralı, 7 400 kilometrlik hissəsi qapalı şəbəkə və 1 700 kilometrlik hissəsi isə nov kanallardır. Ümumilikdə sistemlər üzərində 134 min ədəddən çox hidrotexniki qurğu mövcuddur ki, bunun da 4 011 ədədini hidropostlar təşkil edir.